Bələdiyyəyə işə qəbul dəyişdi

Bələdiyyəyə işə qəbul dəyişdi
  13 Fevral 2015    Oxunub:2448
Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilib.
AzVision.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında "Bələdiyyə qulluğu haqqında" qanuna dəyişikliklər edilib.

Qanunun 5-ci maddəsinin ikinci hissəsində "bələdiyyənin sədri birbaşa təyin edir" sözləri "bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir" sözləri ilə əvəz olunub.

Dəyişiklik barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə xatırladıb ki, indiyədək bələdiyyə qulluğuna işçiləri bələdiyyənin sədri qəbul edib: "Düzəlişə görə, seçki komissiyası yaradılır və bu seçki komissiyasının müsbət qərarı olandan sonra bələdiyyə sədri o şəxsləri bələdiyyə qulluqçusu kimi işə götürə bilər. Düzəliş bələdiyyələrdə şəffaflığın artırılmasını və bələdiyyələrlə seçicilər arasında əlaqələrin daha da möhkəmləndirilməsini təmin edəcək".

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Eyni zamanda, Milli Məclisdə "Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az xəbər verir ki, üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.

Layihəyə əsasən, bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

Qanun layihəsində qeyd olunur ki, bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Bundan başqa, bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və ya səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağan olunur.

Qanun layihəsində vurğulanır ki, bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Layihədə o da bildirilir ki, Azərbaycanda kütləvi informasiya vasitələrində barəsində etik davranışları qaydalarına zidd və maraqların toqquşması ilə bağlı məlumat gedən bələdiyyə qulluqçusu dərhal məsuliyyətə cəlb olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti