“PAŞA Bank” türk bankını alır

“PAŞA Bank” türk bankını alır
  30 Dekabr 2014    Oxunub:2093
“PAŞA Bank”a Türkiyənin Aksoy Holdinqə məxsus TAİB Bankın səhmlərinin əksəriyyət hissəsinin satın alınmasına Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu müsbət cavab verib.
Bankdan AzVision.az-a bildiriblər ki, “PAŞA Bank”ın idarə heyəti türk bankçılıq sektoruna daxil olmaq üçün müxtəlif alternativləri diqqətlə qiymətləndirdikdən sonra TAİB Bankın əksəriyyət hissələrinin satın alınması yolu ilə Aksoy Holdinq ilə ortaqlıq qurmağa qərar verib. Bu ortaqlığın yaranmasında “PAŞA Bank” ilə Aksoy Holdinq arasında uzun müddətdir ki, özünü isbatlamış qarşılıqlı inama əsaslanan münasibətin böyük təsiri olub.

“PAŞA Bank” Türkiyədəki fəaliyyətini regional ticarətin inkişaf etdiyi və investisiya axınlarının intensivləşdiyi bir zamanın verdiyi imkanlar üzərində quracaq. Biznesin şəffaflığı və səmərəliliyi prinsiplərinə sadiq qalaraq Bank öz hədəflərini kommersiya, investisiya və özəl bankçılıq müştərilərinə xidmət göstərməyə yönəldəcək. Azərbaycan, Türkiyə və Gürcüstan arasında aktiv iqtisadi fəaliyyəti və mövcud investisiya potensialını nəzərə alaraq, “PAŞA Bank”ın rəhbərliyi Türkiyə bazarına daxil olmanın bankın müştərilərinin maraqlarına cavab verdiyinə əmindir.

“PAŞA Bank”ın idarə heyətinin sədri Fərid Axundov deyib: “Biz Aksoy Holdinq kimi etibarlı tərəfdaşla əməkdaşlığa başlamaqdan böyük məmnunluq duyuruq və türk şirkətləri ilə daha yaxından çalışmağa hazırıq. Hesab edirik ki, Türkiyə bazarı Azərbaycan, Gürcüstan və ümumiyyətlə regionun digər ölkələrində sərmayə qoyuluşu imkanlarını axtaran kiçik və orta sahibkarlar üçün böyük potensiala malikdir. Eyni zamanda, düşünürük ki, Türkiyədəki layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan sərmayələrinin cəlb edilməsi də türk bazarında maraq doğuracaq. Biz də bu prosesdə vasitəçi olmaq istəyirik ”.

Aksoy Holdinqin baş icraçı direktoru və idarə heyətinin sədr müavini Batu Aksoy qeyd edib: “PAŞA Bank” ilə tərəfdaşlıq qurmaqdan və türk bankçılıq sektoruna Azərbaycandan birbaşa xarici investor gətirməkdən qürur duyuruq. Əminik ki, tərəfdaşlığımız nəticəsində həm Türkiyədə, həm də bölgədə böyümək istəyən müəssisələr üçün müvəffəqiyyətli və sağlam təməlləri olan bir korporativ bankçılıq platforması təqdim edəcəyik ”.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/821984


Teqlər:





Xəbər lenti