DiploMATlar və DİPLOmatlar

DiploMATlar və DİPLOmatlar
  17 Dekabr 2014    Oxunub:3624
Fərrux Həsənov

Adını diplomat qoyub, amma diplomatiyadan xəbərsiz olan kəslər az deyil. Hüqonun fikirincə, “diplomat sizə hər şeyi verər, ancaq öz hisslərindən başqa”. Onun təbirincə desək, ATƏT-in Misk qrupunun ABŞ üzrə daimi həmsədri Ceyms Uorlik özünün səriştəsiz tvitləri ilə eməni sevdası vizionunu formalaşdırmaqla, dolayısı ilə özünün bacarıqsız diplomat olduğunu isbatlamış olur. Bir növ konfliktin yenidən alovlanmasına təkan verir, yəni atalar demişkən, “yanan odun üstünə neft tökür”.


Ağ Evin üzüqara siması olan C.Uorlikin sosial şəbəkə diplomatiyası diplomatik prinsiplərə ziddir. Əlbəttə, əgər buna “diplomatiya” demək olarsa... Hərçənd ki, həmsədrin tvitlərində netokratiyanın izi sezilməkdədir.

Nə isə, məqsədim C.Uorlikə hansısa bir damğa vurmaq deyil, lakin beynəlxalq diplomatiya praktikasında belə şəxslərə `Pardiplomat` deyilir. Kimdir Pardiplomat?

İqtisadi, mədəni, sosial sferada müəyyən qədər özünü isbatlamış, ancaq siyasi-diplomatik müstəvidə davranış, ünsiyyət və təşkilatçılıqda sıfıra bərabər peşə keyfiyyətinə sahib kəsə diplomatik leksikonda `Pardiplomat` deyilir. Belə fərdlərin diplomatik sektora təyin olunması böyük bir səhvdir.

Avropa diplomatik lüğətləri, diplomatik sənəd, protokol və yazışmalarında diplomat anlayışının qısaldılmış forması olan DİPLO çox geniş işlədilir. Əvvəlcə, onu deyim ki, yazıda şərti olaraq bacarlıq diplomatı – DİPLOmat, bacarıqsız diplomat isə- diploMAT adlandıracağam. Sual yaranır: DİPLOmat və diploMAT anlayışları arasındakı fərqlər nədir ?

DiploMAT o kəsdir ki, nəzəriyyəni düzgün qavrayıb, lakin real şəraitdə uğurlu qərar qəbul edə bilmir; daha detallı desək, şahmat taxtasında opponentin jesti qarşısında mat vəziyyətdə qalır. Məsələn, SSRİ diplomatları ABŞ diplomatları ilə müqayisədə qapalı, şablon idilər, standart etiketlərdən istifadə edir, sərbəst qərar verməkdə Amerika diplomatlarına uduzurdular. Düzdü, sonradan SSRİ-də beynəlxalq münasibətlər institutları tədricən inkişaf etməyə başladı.

DiploMAT var ki, onun düzgün qərar verməməsi dövlətini savaşa sürükləyib, iqtisadi sanksiyalarla üzbəüz qoyub, hətta, etnik-siyasi münaqişələrə də yol açıb. DİPLOmat da var ki, onun peşəkarlığı sayəsində dövlət daim qalib çıxıb; məsələn: məşhur fransız diplomatı Taleyranı qeyd-şərtsiz vurğulamaq olar. Diplomatiya tarixində silinməz iz buraxanlardan biri də unikal diplomatik keyfiyyətlərə malik Otto fon Bismark idi. Onun diplomatik strategiyası sayəsində Almaniya imperiyası yarandı, Danimarka, Avstriya və Fransa məğlub edildi. İtaliya asılı vəziyyətə salındı, İngiltərə və Rusiyaya diplomatiya dərsi verildi. Almaniyanın qurucusu və ilk kansleri Otto fon Bismark deyirdi ki, “mən anadangəlmə diplomatam, çünki 1 aprel tarixində doğulmuşam”.

Diplomatiya ilə bağlı bir başqa örnək verim. ABŞ-ın tanınmış diplomatı Ambros Birs qeyd edir ki, “hər kəsin öz vətəni üçün yalan danışması bir sənətdir və buna diplomatiya deyilir”. Hətta Makiavelli özünün “Hökmdar” əsərində diplomatiyada yalananın əsas aparıcı spektr olduğunu dönə-dönə dəfələrlə vurğulayır. Deyəcəksiniz ki, yalan daha çox klassik diplomatiyaya aiddir. Düzdür, lakin müasir dövrdə də istifadə olunmaqdadır. Məsələn: Emənistanın eks-prezidenti R.Koçaryanın Qarabağ münaqişəsi ilə əlaqədar Fransada keçirilən görüşdəki “yalan və ya tualet diplomatiyası”nı misal çəkmək olar.

Azərbaycan diplomatiyasının tarixi xronologiyasına diqqət etdikdə aydın şəkildə diplomatın necə olduğunu görmək olur. Baxmayaraq ki, o dönəmlərdə mövcud siyasi durum stabil deyildi. Düzdür, isdedadlı diplomat şərait tanımır, istənilən pozisiyada özünü isbat etməyə çalışacaq. Şirvanşah I İbrahim sözün həqiqi mənasında, əsl DİPLOmat idi, çünki Əmir Teymurun Azərbaycana olan yürüşlərini düzgün diplomatik qiymət vermiş və ona tabe olmaqla status-kvonu düzgün qiymətləndirməyi bacarmışdı.

Təbii ki, bu cür DİPLOmatlar sırasına Manna hökümdarı İranzu, Alban sərkərdəsi Cavanşir, Atabəy Şəmsəddin Elədəniz, Şərqin ilk diplomat qadını Sara xatun və Qubalı Fətəli xanı, Milli liderimiz Heydər Əliyevi də aid etmək olar. Sadalanan bu şəxsiyyətlər Azərbaycan diplomatiya tarixində silinməz diplomatik izlər buraxıblar.

Məhz bu bu insanlar, sözsüz, həqiqi DİPLOmatlardır, çünki ən gərgin siyasi atmosferdə belə, heç vaxt MAT vəziyyətində qalmayıblar.

Əgər diploMAT olan kəslərə aid misal çəkmək lazım olarsa, düşünürəm ki, bu cərgəyə Fransa imperatoru III Napoleon, Nasist Almaniyasının Füreri Adolf Hitler, Birləşmiş Ştatların keçmiş Prezidenti Nikson, SSRİ-nin ilk prezidenti M.Qorboçov, Ermənistanın hazırkı prezidenti S.Sarkisyan və başqaları aiddir.

Əlbəttə, siyahını davam etdirmək olar. Zənnimcə, qeyd olunan şəxsləri niyə diploMAT adlandırdığımı hər birimiz çox gözəl bilirik.




Teqlər:





Xəbər lenti