Sığorta şirkəti nazirliyin tələbini yerinə yetirdi
Müraciətdə deyilir ki, bu ayın 7-də “Başak-İnam” Sığorta Şirkəti ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncağın gündəliyində bir məsələ - “Nizamnamə Kapitalının artırılması” olub.
Səhmdarlar məsələni müzakirə edərək, şirkətin Nizamnamə Kapitalını 6 mln. manatdan 9 mln. manatadək qaldırılmasına qərar veriblər. Şirkətin Nizamnamə Kapitalı cari ildə 7 mln. manata, 2015- ci il ərzində 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata çatdırılacaq.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq, sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir. Bu ayın 4-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Başak-İnam Sığorta Şirkəti” ASC-nin kapitalını yetərsiz hesab etmiş və 6 ay müddətində bu kapital yetərsizliyini aradan qaldırmağı tələb etmişdi.
“Bütün bunları nəzərə alaraq, hesab edirik ki, səhmdarlarımızın kapital artımı haqqında verdiyi qərar bu tələbi qarşılayacaq”,- deyə şirkət rəhbərinin müraciətində deyilir. Onun sözlərinə görə, “Başak-İnam Sığorta Şirkəti” ASC yarandığı gündən hər zaman cəmiyyətə açıq və şəffaf fəaliyyət göstərib və bunu əyani nümayiş etdirib: “İllər üzrə şirkətin bütün maliyyə hesabatları, onlara dair audit rəyləri rəsmi internet səhifəmizdə və dövrü mətbuatda işıqlandırılıb. Eyni zamanda həyata keçirdiyimiz sığorta ödənişləri, təlimlər və digər tədbirlər haqqında məlumatlar mütəmadi olaraq mətbuat vasitəsi ilə ictimaiyyətə açıqlanıb. Şirkətimiz tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq bütün sığortalılarımız (müştərilərimiz) və tərəfdaşlarımız qarşısında öhdəliklərimiz yerinə yetiriləcək”.
Şirkət ümumilikdə 26 sığorta növü üzrə əhaliyə xidmətlər göstərərək, 2013-cü il ərzində 4,1 mln. manat sığorta haqqı toplayıb və 1,8 mln. manat sığorta ödənişi həyata keçirib. 2014-cü ilin ilk 10 ayı ərzində isə şirkət 2,5 mln. manat sığorta haqqı toplayıb və 1,1 mln. manat sığorta ödənişi həyata keçirib.