2015-ci ilin büdcə layihəsi müzakirə olundu

2015-ci ilin büdcə layihəsi müzakirə olundu
  19 Sentyabr 2014    Oxunub:1583
Sentyabrın 18-də Maliyyə Nazirliyində Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuş 2015-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri barədə məlumat verib. Nazir bildirib ki, 2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb.
S.Şərifov vurğulayıb ki, gələn ilin dövlət büdcəsi layihəsinin xərcləri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin davam etdirilməsi və digər prioritet hədəflərə nail olunması üçün maliyyə təminatı yaradacaq. O cümlədən iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsinə, qeyri-neft sektorunun inkişafına nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələr sırasına daxildir.

Büdcə şəffaflığı məsələsinə toxunan nazir qeyd edib ki, artıq bir neçə ildir dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilərək ictimai müzakirəyə çıxarılır. Bununla yanaşı, büdcənin parametrləri barədə əhalini maarifləndirmək məqsədilə sadə və anlaşıqlı dildə vətəndaşın büdcə bələdçisi hazırlanır və bütün bunlar ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti institutları və beynəlxalq maliyyə təşkilatları tərəfindən böyük maraqla qarşılanır.

Kollegiya iclasında qeyd olunub ki, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər hazırlanaraq vaxtından əvvəl Nazirlər Kabinetinə təqdim edilib. Növbəti həftə Nazirlər Kabinetində 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti