SOS: Rusiya iqtisadiyyatı çökür

SOS: Rusiya iqtisadiyyatı çökür
  16 Sentyabr 2014    Oxunub:5434
Qərbin Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təsirsiz ötüşməyib. Ukrayna olaylarına görə Qərb dairələrinin hədəfinə tuş gələn Rusiyada rublın dəyəri getdikcə azalır. Moskva birjasında rublun dəyərdən düşməsi Rusiya iqtisadiyyatının üzləşəcəyi ciddi təhlükədən xəbər verir.

Qərb dariələrinin sansiyalarını qulaq ardına vuran Moskvanı hansı təhlükə gözləyir?

İqtisadçı ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rublın məzənnəsinin kəskin aşağı düşməsi ilə nəticələnib.

Onun sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bimənalı şəkildə xarici investorların bu ölkəni tərk etməsi müşahidə edilir:

“Sanksiyalar tətbiq ediləndən sonra Rusiyanı təxminən 180 milyard dollara yaxın xarici investisiya tərk edib ki, bu da Rusiyanı xarici valyutanın tərk etməsi deməkdir. Bu hal Rusiya iqtisadiyyatına inamın azalmasına gətirib çıxarır. Rusiyada qiymətli kağızların, eləcə də səhmlərin qiymətində azalma müşahidə olunur. Bu hal ölkədə bir növ dollar qıtlığının yaranmasına gətirib çıxarır ki, bu da dollara tələbatı artırıb. Rusiya rublnın qiymətinin aşağı düşməsi eyni zamanda Rusiya iqtisadiyyatına inamın azalması ilə bağlıdır. Rusiya rublına inamın kəskin azalması müşahidə edilir. Sanksiyalar tətbiq ediləndən sonra Rusiyada rublın dəyəri 12 faiz, bu ilin səkkiz ayında isə 9 faizə yaxın aşağı düşüb. Bu kifayət qədər ciddi azalmadı”.

İqtisadçı həmçinin bildirib ki, sanksiyalar tətbiq edilmədən öncə Rusiya vətəndaşının 30 min rublu 1000 dollar olduğu halda, hazırda 30 min rubl 800 dollara bərabərdi.

“Bu artıq rusları öz yığımlarını dollarla aparmağa məcbur edir ki, bu da rubla olan inamın azalmasına gətirib çıxarır. Rusiyanın mərkəzi bankı inzibati metoddan istifadə etməklə rublın məzənnəsinin aşağı düşməsinin qarşısını almağa çalışır. Amma bunun bütövlükdə effekti olmayacaq. Nəzərə almaq lazımdır ki, artıq Rusiyada “qara bazar” formalaşır. Hətta kommersiya bankları 5000 min dollardan artıq satış etmirlər. Növbəti aylarda da Rusiya rublının dəyərdən düşməsi prosesi davam edəcək. Ümumiyyətlə proqnozlaşdırılır ki, 2015-ci il Rusiya iqtisadiyyatı üçün kifayət qədər ciddi bir durğunluqla müşahidə olunacaq. 2015-ci il rublın məzənnəsində, Rusiyada ümumdaxili məhsulun istehsalında, bütövlükdə Rusiya iqtisadiyyatında azalma tendensiyasının sürətlənməsi və bu ölkənin iqtisadiyyatında ciddi iqtisadi durğunluğun yaşanması proqnozlaşdırılır”.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti