Hansı universitetlər Bakıdan köçürüləcək?
Universitetlərin köçürülməsi necə baş tuta bilər? Hansı təhsil ocaqlarını Bakıdan köçürmək lazımdır?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bu və ya digər suallara aydınlıq gətirib.
Şöbə müdiri bildirib ki, “Böyük Bakının Regional İnkişaf Planı”nda ali təhsil müəssisələrinin şəhərin mərkəzində kənara köçürülməsi məsələsi yer alıb:
“Şəhərin mərkəzində olan ali təhsil müəssisələrində vaxtilə rektorun və ara-sıra hansısa professorun avtomobili olurdusa, indi tələbələrin əksəriyyəti öz şəxsi avtomobili ilə universitetə gəlir. Bu baxımdan şəhərin mərkəzində sıxlıq yaşanır. Digər bir tərəfdən ali təhsil müəssisələrinin ətrafındakı təhsillə əlaqəsi olmayan əyləncə obyektlərin çoxluğu şəraitində, ali təhsil ocaqlarının şəhərin mərkəzində olması onların keyfiyyətinə də müəyyən mənada təsir göstərir. Burada sıxlığın aradan qaldırılması ilə yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssiəsində təhsil əhval-ruhiyyəsinin hökm sürməsi üçün onlar üçün ayrıca tələbə şəhərciklərinin salınması nəzərdə tutulub”.
C.Qocayev bildirib ki, Qafqaz Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını şəhərdən kənarda fəaliyyət göstərən universitetlər kimi misal göstərmək olar.
Komitə rəsmisinin sözlərinə görə, “Böyük Bakının Regional İnkişaf Planı”na əsasən köçürüləcək universitetlərə “Böyük Şor” gölünün ətrafında, Xocasən və Zığ qəsəbələrində yer ayırmaq olar: “Bundan başqa yerlər də mümkündür. Daha çox məqsəd odur ki, təhsil müəssisələri Abşerondan çıxsın və burada sıxlıq olmasın. Sözün həqiqi mənasında Abşeronda sıxlıq var. Həmçinin köçürüləcək universitetləri ayrı-ayrı qəsəbələrdə də yerləşdirmək olar”.
Universitetlərin digər rayon və şəhərlərə köçürülməsinə gəlincə, şöbə müdiri bildirib ki, bəzi şəhərlərə bu köçürülmə yaxşı nəticə verə bilər: “Hazırda bir neçə şəhərdə universitetlər fəaliyyət göstərir. Ümumiyyətlə ali təhsil müəssisələri regionlara köçürülərsə, həmin regionların intelektual səviyyəsi yüksələr. Hazırda inkişaf edən rayonlarda bunu etmək mümkündür”.
Konkret olaraq köçürüləcək ali məktəblərin adına gəlincə, C.Qocayev bu barədə dediklərinin hansısa universitet rəhbərliyinin xoşuna gəlməyə biləcəyini də qeyd edib:
“Azərbaycan Dövlət Pedoqoji Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının şəhərin mərkəzində çıxarılması məqsədə uyğundur. Həmin universitetlərin binası isə dövlət balansında olduğu üçün başqa məqsədlə istifadə oluna bilər. Ali təhsil müəssisələrinin şəhərdən kənara çıxması pedoqoji mühitin səmərəli olmasına şərait yaradacaq. Bu məsələlər “Böyük Bakının Regional İnkişaf Planı”nın 2030-cu ilə qədər olan planda nəzərdə tutulub. Bunun isə neçə ilə baş verəcəyini dəqiq demək mümkün deyil”.
Sonda şöbə müdiri qeyd edib ki, bununla bərabər bəzi mərkəzi idarələrində köçürülməsi gündəmdə olmalıdır.
Anar
AzVision.az
Teqlər: