Bu gündən Aİ ilə viza rejimi sadələşdirildi

Bu gündən Aİ ilə viza rejimi sadələşdirildi
  01 Sentyabr 2014    Oxunub:2554
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sentyabrın 1-dən qüvvəyə minib.

AzVision.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatında belə deyilir.

Yeni qaydalar qüvvəyə mindikdə vizaların verilməsi haqqında qərar 10 gün ərzində, təcili hallarda isə iki gün və daha az müddətdə qəbul ediləcək. Ərizə Azərbaycan vətəndaşlarına 35 avroya başa gələcək, lazımi sənədlərin siyahısı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün qısaldılacaq.

Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin imzalanması Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulub.
Saziş Azərbaycan vətəndaşları, xüsusilə daha çox səyahət edənlər üçün Avropa İttifaqı ölkələrinin əksəriyyətinin ərazisinə sərbəst daxil olmağa və çıxmağa icazə verən qısamüddətli vizaların daha asan və daha ucuz alınmasına imkan verir.

Qısamüddətli viza 180 gün ərzində ən çox 90 gün Avropa İttifaqı ölkələrində olmağa icazə verən vizadır. Sazişə uyğun olaraq, viza yığımları 60-dan 35 avroya qədər azaldılacaq və bəzi kateqoriyadan olan vətəndaşlar yığımlardan tamamilə azad ediləcək.
Tez-tez və müəyyən şərtlərlə səfər edən insanların bəzi kateqoriyaları üçün Avropa İttifaqının üzvü olan dövlətlər bir ildən beş ilə qədər çox dəfəlik vizalar verəcəklər. Diplomatik pasportların sahibləri vizanın alınması öhdəliyindən azad olunurlar. Saziş həmçinin nəzərdə tutur ki, vizanın işlənməsi üçün ərizə verənlərin müəyyən kateqoriyalarından, həmçinin rəsmi nümayəndə heyətlərinin üzvləri, 12-i yaşa qədər uşaqlardan, pensionerlərdən, alim və tələbələrdən rüsum yığılmayacaq.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqların 4 rəsmi mərhələsi 2012-ci il fevralın 7-dən 2013-cü il iyulun 5-dək Bakıda və Brüsseldə keçirilib.

2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Fevralın 28-də isə Azərbaycan Avropa İttifaqı ilə readmissiya haqqında saziş imzalayıb.

Qeyd edək ki, müqavilə Böyük Britaniya, İrlandiya və Danimarkaya şamil olunmur.


Teqlər:





Xəbər lenti