Pensiyaçılara xoş xəbər

Pensiyaçılara xoş xəbər
  26 Avqust 2014    Oxunub:2702
Avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi avqust ayının 21-i tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, ümumilikdə bu ilin 7 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 7 ay ərzində Fondun gəlirləri 1660,0 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz və ya 125,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 975,7 milyon manata çatıb. Bu daxilolmaların 63,7 faizi və ya 622,0 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,6 faiz və ya 69,7 milyon manat çoxdur.

2014-cü ilin 7 ayı ərzində Fondun xərcləri 1658,8 milyon manat olub və bunun 98,2 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, ölkəmizdə müasir sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, hazırda bu rəqəm 172,2 manata çatıb.

2014-cü ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1 faizini yaşa görə, 28,1 faizini əlilliyə görə, 10,8 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.




Teqlər:





Xəbər lenti