General Tovuzda tapşırıqlar verdi

General Tovuzda tapşırıqlar verdi
  20 Avqust 2014    Oxunub:2096
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 20-də Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlər üstünlük təşkil edirdi. Vətəndaşlar, həmçinin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri və digər məsələlərlə də bağlı müraciətlər etdilər.

Xidmətin rəisi Arzu Rəhimov qəbulda iştirak edən vətəndaşları diqqətlə dinlədi, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.

Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapdı. Eyni zamanda, vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alındı.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.


Teqlər:





Xəbər lenti