Atambayev bütün dövlət mükafatlarından məhrum olunub

Atambayev bütün dövlət mükafatlarından məhrum olunub
  29 Dekabr 2025    Oxunub:1251
Qırğızıstan prezidenti Sadır Japarov keçmiş dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.
AzVision.az xəbər verir ki, dekabrın 29-da Qırğızıstan prezidentinin rəsmi saytında bununla bağlı məlumat yerləşdirilib.

“Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov fərman imzalayıb və ona əsasən, Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayev dövlət mükafatlarından məhrum edilib”, - xəbərdə deyilir.

Məlumatda bildirilir ki, Atambayev təltif edildiyi “Qırğızıstan Respublikasının Qəhrəmanı” ən yüksək fəxri adından, “Danaker” ordenindən, “Manas” ordenindən (ikinci dərəcəli) və “Dank” medalından məhrum olunub.

Xatırladaq ki, respublikanın keçmiş rəhbəri korrupsiyada və iğtişaşların təşkilində ittiham edilir.
Almaz Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. 2019-cu il avqustun 8-də Koi-Toş kəndindəki iqamətgahına hücumdan sonra Atambayev həbs olunub. 2020-ci ilin iyununda məhkəmə onu 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Elə həmin ilin noyabrında Qırğızıstanın Ali Məhkəməsi aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edərək, işi yeni məhkəmə baxışına qaytarıb. 2025-ci ilin iyununda Atambayev qanunsuz şəkildə torpaq sahələri əldə etməkdə və Koi-Toşda iğtişaşların təşkilində ittihamı əsasında 11,5 il müddətinə azadlıqdan məhrum olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Atambayev   mükafatlar   mərhum  



Xəbər lenti