Rusiya Azərbaycana yeni rəhbər göndərdi

Rusiya Azərbaycana yeni rəhbər göndərdi
  09 Avqust 2014    Oxunub:3579
Avqustun 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı nazir Azərbaycan - Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərir.

Rusiya tərəfindən ölkəmizə yatırılmış investisiyaların həcmi 1,8 milyard ABŞ dollarını ötüb. Azərbaycan isə son 10 ildə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub və 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5 faiz artıb. Ş. Mustafayev xatırladıb ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il qeyri-neft ixracının 32 faizi, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30 faizdən çoxu bu ölkənin payına düşüb.

Səfiri Vladimir Doroxin ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini vurğulayaraq, Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına əhəmiyyətli dərəcədə tələbat olduğunu deyib.

Görüş zamanı səfir Rusiya Federasiyasının Azərbaycan Respublikasına təyin olunmuş ticarət nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təqdim edib.

Ş. Mustafayev E. Tlyabiçevi təyinatı münasibətilə təbrik edərək, onun ticarət əlaqələrimizin daha da genişlənməsinə dəstək verəcəyinə əminliyini bildirib. Nazir Azərbaycanın qeyri-neft sektorunun, eləcə də kənd təsərrüfatının böyük potensiala malik olduğunu, dövlət dəstəyi tədbirləri nəticəsində qeyri-neft məhsullarının istehsalının ilbəil artdığını, ölkəmizin xarici bazarlara, o cümlədən Rusiya bazarına bu məhsulların, xüsusilə kənd təsərrüfatı və emalı məhsullarının ixracını genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.


Teqlər:





Xəbər lenti