Moskvada İstanbul danışıqlarına yanaşma necədir?

Görüşün yeganə nəticəsi “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin mübadiləsinə dair razılaşmadır. Bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri ən böyük mübadilə olacaq. Tərəflər məsələni müvafiq nümayəndələrə ötürərək, sövdələşmənin təfərrüatlarını açıqlamayıblar. Söhbətin Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ombudsmanı Dmitri Lubinetsdən getdiyi güman edilir.
“İndiki şəraitdə tərəflər maksimuma nail olub, lakin mövqelər barışmaz olaraq qalır: Moskva öz şərtlərini qəbul etməkdə israrlıdır, Kiyev isə onları yerinə yetirmək niyyətində deyil”, - Rusiya hakimiyyətinə yaxın mənbələrdən biri vurğulayıb.
Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşə gəlincə, Rusiya Xarici İşlər nazirliyinə yaxın mənbənin sözlərinə görə, belə bir ehtimal hətta müzakirə olunmur: “Yüksək səviyyədə görüş üçün hələ heç bir ilkin şərt yoxdur, belə bir iş hələ aparılmır”.
“Bloomberg” agentliyi, öz növbəsində, müzakirələrin mahiyyətindən xəbərdar olan mənbələrə istinadən bildirir ki, Rusiya İstanbulda keçirilən danışıqlarda Ukraynaya hərbi əməliyyatların dayandırılması tələblərinin siyahısını təqdim edib. Həmin məlumata əsasən,
Moskva aşağıdakı şərtləri irəli sürüb:
1. Ukrayna öz ərazisində xarici qoşunların və kütləvi qırğın silahlarının olmasını istisna edən “neytral status” qəbul etməlidir;
2.Kiyev Moskvadan təzminat almaqdan imtina etməlidir;
3.Beynəlxalq ictimaiyyət Rusiyanın Krımı və Ukraynanın digər dörd bölgəsini ilhaq etməsini tanımalıdır;
4. Ukrayna bu ərazilərə qarşı hər hansı iddiadan əl çəkməli və qoşunlarını Rusiya Federasiyasının Konstitusiyasına görə Rusiyanın tərkibində olan, lakin onun tam işğalı altında olmayan dörd regiondan: Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərindən çıxarmağa borcludur. Ukrayna qoşunlarının bu ərazilərdən tamamilə çıxarılması atəşkəs üçün ilkin şərtdir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ukrayna şərtlər