Kiyevdə çaşqınlıq yaşanır

   Kiyevdə çaşqınlıq yaşanır
  16 May 2025    Oxunub:303
İstanbulda Rusiya ilə danışıqlarla bağlı Ukrayna prezidenti Volodimir Zelenskinin ofisində çaşqınlıq hökm sürür.
AzVision.az xəbər verir ki, Zelenskinin ofisindəki adının açıqlanmasını istəməyən mənbəyə istinad edən Almaniyanın “Der Spiegel” jurnalı belə məlumat yayıb.

“Çaxnaşma artır, çünki heç kim nə baş verdiyini bilmir. Zelenski həmçinin ABŞ prezidenti Donald Trampın əvvəlki administrasiyadan fərqli olaraq Ukraynanın mövqeyini bölüşməməsindən, onun özünün isə daim Ağ Ev rəhbərinə uyğunlaşmaq məcburiyyətində olmasından narazıdır. Kiyevdə qorxurlar ki, üç illik müharibədə müdafiə olunan hər şey bir anda itirilə bilər”, - jurnalda dərc olunan materialda deyilir.

Ukrayna danışıqları necə pozmaq istəyir?
Xatırladaq ki, dünən İstanbulda Rusiya ilə Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqlar keçirilməli idi. Lakin görüş baş tutmadı. Rusiya nümayəndələri səhər tezdən İstanbulda olsalar da, Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün Ankaraya getdi və Ukrayna nümayəndə heyətinin tərkibini yalnız axşam təsdiqlədi.

Danışıqlar bu günə keçirilib və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Moskva nümayəndələrinin saat 10:00-dan etibarən İstanbulda ukraynalıları gözləyəcəyini bildirib. Ukrayna nümayəndə heyətinə isə Müdafiə naziri Rustem Umerov başçılıq edir.

Türkiyənin Xarici İşlər nazirliyindəki mənbənin verdiyi məlumata görə, Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri arasında üçtərəfli görüş 13:30-da (Bakı vaxtı) İstanbulda planlaşdırılır. Lakin ondan əvvəl Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   danışıqlar  





Xəbər lenti