Ukrayna üçün ən pis ssenari

   Ukrayna üçün ən pis ssenari
  17 May 2025    Oxunub:301
Rusiya İstanbul danışıqlarını faktiki olaraq pozdu və indi ABŞ prezidenti belə hərəkətlərə görə deyəsən Kremli mükafatlandırmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, “The Telegraf” nəşrinin yazdığına görə, Vladimir Putinin Donald Trampla şəxsi görüşü Ukraynanın ən pis kabusu olardı.

Türkiyədə danışıqlar ideyası əvvəlcədən Kremlə məxsus olub. Beləliklə, Avropa liderləri ümid edirdilər ki, Rusiya prezidentinin İstanbul görüşünə gəlməməsi nəhayət, Donald Trampın səbrini tükəndirəcək. Amma ABŞ prezidenti bir daha göstərdi ki, Rusiyadan söhbət düşəndə onun hədsiz səbri var.

Belə ki, Rusiya prezidentinin İstanbula getməyəcəyi barədə məlumata Donald Tramp “Putinlə mən görüşənə qədər heç nə olmayacaq” ifadəsi ilə reaksiya verib.

“The Telegraf” bildirir ki, Putinin nəzərində ABŞ prezidenti ilə şəxsi danışıqlar məhz Rusiyanın böyüklüyünü - onun okeanın o tayındakı hegemonla birlikdə dünyanı bölən qlobal güc statusunu nümayiş etdirir.

“Məhz Putinlə Trampın üzbəüz görüşünün ssenarisi Kiyevin ən pis kabusudur. Axı bu, Ukraynanı qoruyacaq vasitəçi olmadan Putinin Trampın bütün diqqətini çəkəcəyi bir vəziyyət yaradacaq”, - qəzetdə dərc olunan materialda deyilir.

Məqalə müəllifinin fikrincə, ukraynalılar belə görüşün nəticələrindən qorxurlar, çünki Tramp instinktiv şəkildə bağlı olduğu Putinə qarşı həssasdır. Ən pis ssenaridə Rusiya prezidenti amerikalı həmkarını onunla ittifaq yaratmağa inandıra və bu, sonradan Ukraynaya artıq mövcud fakt kimi təqdim oluna bilər.

- Şübhəsiz ki, Putin hadisələrin belə inkişafından məmnundur. Bu, təkcə Trampın ona qarşı yumşaq davranmasının növbəti əlaməti deyil, həm də ABŞ prezidentinin daha sərt sanksiyaları dəstəkləyərək onun gəlməməsinə cavab verəcəyini gözləyən Avropa liderləri üçün növbəti alçaldıcı addımdır”, - məqalədə vurğulanır.

Putinin Türkiyəyə getməkdən imtina etməsindən sonra belə Trampın ona təzyiq göstərmək istəməməsi ruslarda inam yaradıb. Nəşrin müəllifi hesab edir ki, bəlkə də məhz ABŞ prezidentinin bu davranışına görə Rusiya nümayəndə heyəti danışıqlarda Ukrayna üçün qəbuledilməz tələblər irəli sürüb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Putin   Ukrayna  





Xəbər lenti