Trampı öldürməyə çağırış?

   Trampı öldürməyə çağırış?
  16 May 2025    Oxunub:278
Ameriaknın Federal Təhlükəsizlik Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi sosial şəbəkələrdə “8647” rəqəmləri şəklində düzülmüş dəniz balıqqulaqlarının fotosunu yerləşdirdikdən sonra istintaq altına düşüb.
AzVision.az xəbər verir ki, Ceyms Kominin sosial şəbəklərdəki paylaşımını Donald Trampın bəzi tərəfdarları ABŞ prezidentini öldürməyə çağırış kimi qiymətləndiriblər.

“Reuters” agentliyinin məlumatına görə, Amerika jarqonunda 86 rəqəmi “qovmaq” və ya “kimsəni, məsələn, sərxoşluq üçün bardan çıxarmaq” mənasını verə bilər. Trampı 47-ci prezident kimi göstərən 47 rəqəmi ilə birləşən Kominin yazısı şübhələri artırıb. “NBC News” telekanalı əlavə edir ki, “Merriam-Webster” lüğətinə görə, 86 qeyri-rəsmi olaraq “kimdənsə xilas olmaq” mənasını verə bilər.


ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noem Ceyms Komini ictimai şəkildə qınayaraq, onun postunun “Trampın öldürülməsinə birbaşa çağırış olduğunu” deyib. O, Daxili Təhlükəsizlik nazirliyinin və Məxfi Xidmətin artıq bu təhlükə ilə bağlı araşdırmaya başladığını və müvafiq tədbirlər görəcəyini vurğulayıb.

++Məxfi Xidmətin nümayəndəsi agentliyin qorunan şəxslər üçün potensial təhlükələri yaxından nəzərdən keçirdiyini təsdiqləyib: “Biz keçmiş FTB direktorunun sosial şəbəkədəki paylaşımından xəbərdarıq və bu cür bəyanatları son dərəcə ciddi qəbul edirik”.

İttihamlara cavab olaraq FTB-nin keçmiş direktoru etdiyi paylaşımı silib və bununla bağlı açıqlama verib.

- Bu gün mən çimərlikdə müşahidə etdiyim balıqqulaqlarının fotosunu mümkün siyasi simvol sayaraq sosial şəbəkədə yerləşdirdim. Bu rəqəmlərin zorakılıqla əlaqələndirilə biləcəyini düşünmürdüm. Məqsədim bu deyildi. Mən hər hansı zorakılığın əleyhinəyəm, ona görə də paylaşımı sildim”, - Ceyms Komi yazıb.

Ceyms Komi 2013-2017-ci illərdə dəfələrlə tənqid etdiyi Donald Tramp tərəfindən işdən çıxarılana qədər FTB direktoru vəzifəsində çalışıb və ABŞ prezidentinin çoxdankı rəqibi hesab olunur. O, demokratların təmsilçiləri Co Baydenin 2020-ci ildə və Kamala Harrisin 2024-cü ildə prezidentlik kampaniyalarını dəstəkləyib.

Xatırladaq ki, Amerikanın 47-ci prezidenti Donald Tramp ötənilki seçki kampaniyasında həm real sui-qəsdlə, həm də potensial sui-qəsd cəhdləri ilə üzləşib.

Sahil İsgəndərov



Teqlər:   Tramp   Komi   çağırış  





Xəbər lenti