Gürcüstan XİN: Rusiya beynəlxalq normaları pozur

  Gürcüstan XİN:  Rusiya beynəlxalq normaları pozur
  01 May 2025    Oxunub:811
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziya bölgəsində yerləşən Suxumi Hava Limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb.
AzVision.az xəbər verir ki, bəyanatda Gürcüstanın işğal altındakı Abxaziya bölgəsi ilə hava nəqliyyatının başladılmasından narahatlıq ifadə olunub.

“Rusiya aviaşirkətinin 2025-ci il mayın 1-də işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz uçuş həyata keçirməsi, eləcə də işğal rejimi ilə bağlanmış Suxumi Hava Limanının Rusiyaya verilməsi və istismarı haqqında qondarma saziş Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü, işğal altındakı ərazilərə dair qanununu, beynəlxalq hüququn əsas norma və prinsiplərini, o cümlədən həm Gürcüstanın, həm də Rusiya Federasiyasının üzv olduğu BMT Nizamnaməsini və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasını kobud şəkildə pozur”, -bəyanatda qeyd edilib.

Bəyanatda mayın 1-dən Abxaziya ilə dəmir yolu əlaqəsinin bərpa olunmasından da narahatlıq ifadə olunub.

“Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını beynəlxalq öhdəliklərini, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı Konvensiyası və Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməyə çağırır”,- qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti