Suriyada hakimiyyət nümayəndələri druzların liderləri ilə görüşüb - VİDEO

   Suriyada hakimiyyət nümayəndələri druzların liderləri ilə görüşüb  - VİDEO
  30 Aprel 2025    Oxunub:343
Şiddətli toqquşmalar və etnik gərginliyin artması fonunda Caramanada Suriya hökumətinin nümayəndələri ilə druz icmasının liderləri arasında danışıqlar aparılıb.
AzVision.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, görüşdən sonra tərəflər münaqişənin genişlənməsinin qarşısının alınması üçün tədbirlər, o cümlədən qurbanların ailələrinə təzminat ödənilməsi və onların hüquqlarının bərpası, hücumlara görə məsuliyyət daşıyanların cəzalandırılması, dövlət mediası vasitəsilə hadisələrin şəffaf işıqlandırılmasının təmin edilməsi və əsassız yerdəyişmənin məhdudlaşdırılması, habelə Dəməşq və Süveydə əyaləti arasında təhlükəsiz nəqliyyat marşrutlarının təşkili barədə razılığa gəliblər.

“Şəhər kənarında asayişi qorumaq üçün Daxili İşlər və Müdafiə nazirliklərinin qüvvələri, o cümlədən zirehli texnika və iriçaplı pulemyotlarla təchiz olunmuş texnikalar yerləşdirilib. Suriya Müdafiə nazirliyinin pilotsuz təyyarələrinin Caramana səmasında fəaliyyəti qeydə alınıb”, - telekanalın yaydığı xəbərdə bildirilir.

Suriyada yeni döyüşlər: ölənlər var - VİDEO
Bununla yanaşı, druzların dimi lideri Şeyx Yusif Cərbu ayrı-ayrı şəxslər tərəfindən Məhəmməd peyğəmbərə qarşı təxribat xarakterli bəyanatların druz icmasının mövqeyini əks etdirmədiyini vurğulayıb. O, bütün tərəfləri dinlərarası ədavəti qızışdırmaq cəhdlərinə müqavimət göstərməyə çağırıb.

Bu arada İsrailin baş naziri Binyamin Netanyahunun ofisi İsrail ordusunun Suriyada “ekstremist qruplaşmanın” hücrəsini vurduğunu açıqlayıb. Zərbə Netanyahunun və ölkənin Müdafiə naziri İsrael Katsın göstərişi ilə endirilib.

- Eyni zamanda, İsrail Suriya hakimiyyətinə sərt xəbərdarlıq göndərib: onlar druzlara qarşı hücumların qarşısının alınmasına birbaşa cavabdehdirlər. İsrail druzlara qarşı növbəti hücumlara imkan verməyəcək”, - İsrail baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.

İsrail PUA-sının Dəməşq ətrafında yerləşən Caramana şəhərinin kənarına endirdiyi zərbə nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub.

Xatırladaq ki, aprelin 29-da Caramanada Suriya təhlükəsizlik qüvvələri ilə druz silahlı qrupları arasında silahlı toqquşmalar baş verib. Döyüşlər zamanı iki təhlükəsizlik qüvvələri zabiti də daxil olmaqla 13 nəfər həlak olub. Qarşıdurmalar sosial şəbəkələrdə Məhəmməd peyğəmbərə “hücum” edən şəxsin audio çarxının yayılmasından sonra başlayıb. Səs yazısı druz din xadiminə aid edilib. Lakin o, bununla heç bir əlaqəsi olmadığını bildirib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   druzlar   İsrail  





Xəbər lenti