“Sərhəd” hərbi-idman oyununun finalı olub - VİDEO + FOTO

“Sərhəd” hərbi-idman oyununun finalı olub -    VİDEO + FOTO
  30 Aprel 2025    Oxunub:335
Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyununun final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin regional idarələrinin nümayəndələrinin də iştirak etdiyi mərasimdə çıxış edənlər belə tədbirlərin məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, vətəninə, xalqına, Ali Baş Komandanına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağının artırılması və onların hərtərəfli formalaşmasında əhəmiyyətli rolunu qeyd ediblər.



Respublikamızın 45 rayonundan 165 məktəbin 825 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşmış və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Bakı şəhərindən “Şahinlər”, Naxçıvan Muxtar Respublikasından “Sərhədçi”, Füzuli rayonundan “Qara qartallar”, Cəlilabad rayonundan “Ləkin”, Lənkəran şəhərindən “Zastava”, Şəmkir rayonundan “Mübarizlər”, Qax rayonundan “Zəfər”, Ağstafa rayonundan “Çempionlar”, Mingəçevir şəhərindən “Qartal”, Oğuz rayonundan “Uğur”, Qusar rayonundan “Zeyxur” komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.

Tədbir iştirakçıları və qonaqlar Lənkəran rayon Mədəniyyət evinin kollektivi tərəfindən təşkil olunan konsert proqramını izlədikdən sonra sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olublar. “Lənkəran” sərhəd dəstəsində keçirilən oyunların final mərhələsi may ayının 5-dək davam edəcəkdir. Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti