“Suriyanın yeni hökumətinin nəzarəti altında olan təhlükəsizlik qüvvələri şəhərin kənarında İsrail Hərbi Hava qüvvələrinə (HHQ) məxsus pilotsuz təyyarələr tərəfindən dəfələrlə hücuma məruz qalıb”, - ölkənin Daxili İşlər nazirliyinin məlumatında deyilir.
Bundan əvvəl “Al Mayadeen” telekanalı İsrail PUA-larının təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə ən azı 5 zərbə endirdiyini bildirmişdi. Reydlər Dəməşqdəki keçid hökumətinin Daxili İşlər nazirliyinin rəsmilərinin paytaxtın cənub-qərbindəki druzların məskunlaşdığı Sahnaya ətrafına nəzarəti ələ keçirdiklərini və yerli silahlıları təqib etdiyini açıqladıqdan sonra baş verib.
![]() |
Suriyada yeni döyüşlər: ölənlər var - VİDEO |
Bu arada məlum olub ki, druzların məskunlaşdığı Dəməşqin ətrafında - Jaramana və Sahnada iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib. Suriya telekanalının yaydığı xəbərə görə, Əs-Süveyda əyalətinin qubernatoru Mustafa əl-Bakur ölkənin yeni hakimiyyət orqanlarının nümayəndə heyətinin duruz icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında keçirilən görüşündən sonra belə açıqlama verib.
- Suriya təhlükəsizlik qüvvələrinin patrullarına hücum edən və 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumları törədən cinayətkarların hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı razılıq əldə olunub”, - qubernator deyib.
Onun sözlərinə görə, görüş iştirakçıları həmçinin İsrailin Dəməşqin cənubunda “vətəndaş qarşıdurması törətmək məqsədi daşıyan” hadisələrə müdaxiləsini pisləyiblər.
Sahil İsgəndərov
AzVision.az