Eyni zamanda, komandalar hazırladıqları stansiyaların texniki xüsusiyyətlərini və funksionallığını əhatəli şəkildə əks etdirən vizual posterlər də təqdim ediblər. Bu posterlər vasitəsilə stansiyanın hissələrinin kosmik mühitdə necə fəaliyyət göstərdiyi və hansı məqsədlərə xidmət etdiyi izah olunub.
Milli final mərhələsində iştirak edən məktəbli komandaları beş dəqiqəlik ingilisdillində təqdimatlarla kosmik stansiya modellərini və posterlərini Olimpiadanın Milli Təşkilat Komitəsinə təqdim ediblər. Olimpiadanın Milli Təşkilat Komitəsi məktəbli komandalarının təqdimatlarını texniki parametrlər və ünsiyyət bacarıqları baxımından kriteriyalara uyğun olaraq qiymətləndirib.

Olimpiadanın tapşırıqları məktəblilərin kosmos tədqiqatlarına dair real problemləri həll etmə bacarıqlarını və praktik tətbiq biliklərini qiymətləndirməyi hədəfləyib. Təqdim olunan layihələr arasından elmi əsaslandırılması, funksionallığı və yaradıcı dizaynı ilə fərqlənən komanda Olimpiadanın milli mərhələsinin qalibi elan edilib.

Akademik Zərifə Əliyeva adına liseyin komandası milli finalın qalibi olaraq 2025-ci ilin may ayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək beynəlxalq mərhələdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.
İkinci yerin qalibi “Women in Tech” layihəsi, üçüncü yerin qalibi isə 161 nömrəli tam orta məktəb olub.
Beynəlxalq Kosmik Olimpiada məktəblilərə kosmos tədqiqatları sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, elmi düşüncə və yaradıcı yanaşmalarını inkişaf etdirmək üçün mühüm platforma yaradır. Bu təşəbbüs Azərbaycanda kosmos sahəsində gələcək alimlərin yetişdirilməsinə və ölkənin elmi potensialının gücləndirilməsinə töhfə verir.
AzVision.az