Əcnəbilər Azərbaycanda ev almağa başlayıblar
Əmlakı harada alırlar?
ƏMDK-nin məlumatlarına görə, xarici vətəndaşlar üçün Azərbaycanda əsas əmlak bazarı Bakıdır. Ötən il xaricilərə məxsus olan 1854 əmlakın əmlakın böyük hissəsi, yəni 1135-i və ya 60 faizdən çoxu paytaxtda yerləşib. Amma getdikcə daha çox xarici vətəndaş Azərbaycanın regionlarında əmlak almağa başlayıb. Əcnəbilərə məxsus əmlakların arasında regionların payı artmaqdadır. Belə ki, 2 il əvvəl - 2011-ci ildə xaricilərə məxsus olan əmlakların cəmi 29%-i regionlarda idisə, indi bu rəqəm 39%-ə çatıb. Konkret regionlara gəlincə, xaricilər ən çox Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarına üstünlük verirlər. Belə ki, əcnəbilər Xaçmazda 172 əmlak, Zaqatalada isə 124 əmlak alıblar. Sonrakı yerləri Sumqayıt (91 əmlak), Yevlax (69 əmlak) və Şəmkir (51 əmlak) tutur.
Mənzil, yoxsa torpaq sahəsi
Azərbaycanda xaricilərin üstünlük verdiyi əmlak təbii ki, mənzillərdir. Əcnəbilərə məxsus olan əmlakların 1188-i və ya üçdə ikisi mənzillərdir. Xaricilərin maraq göstərdiyi əmlak növləri arasında ikinci yeri fərdi yaşayış evləri tutur - hər 5 əmlakdan biri fərdi evlərdir. Xarici ölkə vətəndaşları Azərbaycanda ən çox fərdi evi Quba-Xaçmaz zonasında alıblar - 99 ev. Fərdi evlərin sayına görə, sonrakı yeri Zaqatala-Balakən (68 ev) və Bakı (63 ev) tutur. Əcnəbilərə məxsus olan torpaq sahələrinin sayı 220-dir. Fərdi evlərdə olduğu kimi, torpaq sahələrində də xaricilər ən çox Quba-Xaçmaz (54 torpaq sahəsi) və Zaqatala-Balakən (48 torpaq sahəsi) zonalarına üstünlük verirlər. Xaricilərə məxsus torpaq sahələrinin sayına görə sonrakı yeri Şəmkir tutur - 34 torpaq sahəsi. 2012-ci illə müqayisədə xaricilərin torpaq sahələrinə marağı daha çox artıb - 63%. Fərdi yaşayış evlərinin sayı 40%, xaricilərə məxsus mənzillərin sayı isə 16% yüksəlib.