ABŞ-nin ərazi iddiaları Rusiya və Çinə hədiyyə oldu - "Financial Times"

ABŞ-nin ərazi iddiaları Rusiya və Çinə hədiyyə oldu    - "Financial Times"
  15 Yanvar 2025    Oxunub:374
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya, Panama və Kanada ilə bağlı açıqlamaları Rusiya ilə Çinə strateji üstünlük verir.
Bu fikirlər "Financial Times"da dərc olunan məqalədəndir.

Nəşr yazıb ki, siyasətçinin qalmaqallı fikirləri ortaya fərqli reallıqlar qoyub. Hər üç bölgəyə dair hədələrin səslənməsi Moskva və Pekinə görünməmiş hədiyyə sayıldı.

Qrenlandiya neçəyədir?
Müəllif fikrini belə izah edib: "Əgər Tramp Panama kanalı Qrenlandiyanın “ələ keçirilməsinin” strateji zərurətini bəyan edə bilirsə, o zaman Rusiya ilə Çinin də müvafiq olaraq Ukrayna və Tayvan məsələlərində öz milli maraqlarını müdafiə etmək hüququ yaranır".

Xatırladaq ki, bir müddət öncə Donald Tramp bəyan etmişdi ki, Kanadanı ilhaq etmək, Panama kanalına nəzarəti bərpa etmək və Qrenlandiyanı Danimarkadan qoparmaq amerikalılar üçün əla fürsətdir. Tramp bu bəyanatları ilə blef etmiş olsa belə, yəni dediklərini həyata keçirməsə belə, artıq Amerikanın beynəlxalq statusuna, müttəfiqləri ilə münasibətlərinə böyük zərbə vurub.

Həmçinin "Reuters" məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvləri artıq qanun layihəsi də hazırlayıblar. Layihə Trampa Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazəni nəzərdə tutur. Sənədin mətninə əsasən, yeni seçilmiş prezidentə yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Danimarka ilə bu məsələyə dair danışıqlara başlamaq səlahiyyəti veriləcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp   Çin   Rusiya  





Xəbər lenti