Al Jazeera: "Tehranda mərkəzi küçəyə Yəhya Sinvarın adı verilə bilər"

      Al Jazeera:    "Tehranda mərkəzi küçəyə Yəhya Sinvarın adı verilə bilər"
  26 Dekabr 2024    Oxunub:338
(Yəhya Sinvar və İranın ali dini lideri Əli Xamenei)

İranın paytaxtı Tehran şəhərinin altıncı rayonunda mərkəzi Bisütun küçəsinin adının dəyişdirilib, Fələstinin HƏMAS terror qruplaşmasının sabiq rəhbəri Yəhya Sinvarın adı ilə əvəzlənəcəyi barədə elan cəmiyyətdə kəskin etirazlar doğurub.
"Al Jazeera" xəbər agentliyi yazır ki, hələlik rəsmən təsdiqlənməyən bu addım təsadüfi deyil. Çünki həmin küçə Cihad (Fatimə) meydanını Fəthi Şəqaqi küçəsi ilə birləşdirir. Fəthi Şəqaqi (1951-1995) Fələstin İslami Cihadı Təşkilatının qurucusu və ilk baş katibidir. O da məhz Yəhya Sinvar kimi İsrail tərəfindən sui-qəsd nəticəsində öldürülüb.

(Tehranın mərkəzi Bisütun küçəsi)

Xüsusilə sosial şəbəkə platformalarında yaranan etiraz dalğası nəticəsində rayon bələdiyyəsi bu mümkün qərarı yenidən nəzərdən keçirəcəyini, Yəhya Sinvarın adının şəhərin başqa hissəsindəki küçəyə verilə biləcəyini açıqlayıb.

(Bisütun kitabələrinin bir hissəsi)

Cəmiyyətdə etirazın əsas səbəbi küçənin adı ilə ("Bisütun") ilə əlaqədardır. Küçəyə bu ad ölkənin qədim tarix və mədəniyyətindən izləri bu günəcən çatdıran, e.ə. VI əsrə aid Bisütun kitabələrinin şərəfinə verilib.

Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri Yəhya Sinvar oktyabrın 17-də Qəzza zolağının Rəfəh şəhərində İsrail hərbçiləri ilə atışmada 3 terrorçu ilə birgə zərərsizləşdirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   küçə   ad   HƏMAS  





Xəbər lenti