Baas dövrünün sonu: Suriya bundan sonra necə dəyişəcək?

  Baas dövrünün sonu: Suriya bundan sonra necə dəyişəcək?
  11 Dekabr 2024    Oxunub:347
Türkiyə Araşdırmalar Vəqfinin nümayəndəsi Əhməd Arda Şensoy “Anadolu” nəşrində Suriya hadisələri ilə bağlı diqqət çəkən analitik məqalə dərc edib.
Analitik Baas ideologiyası, Əsəd rejiminin devrilməsindən sonra ölkənin inkişaf perspektivlərinə də toxunub.

Məqaləni oxuculara təqdim edirik.

"Növbə sizdədir, həkim!" - bu sözləri 2011-ci ildə ərəblərin qaldırdıqları üsyanlar Suriyanı bürüdükdən sonra Dəra şəhərində təşkil olunan etiraz aksiyası zamanı 13 yaşlı Həmzə əl-Xətib tərəfindən divara yazılmışdı. Həmzə sonradan Əsəd rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı. İşgəncələrdən sonra onun cəsədi ailəsinə təhvil veriləndə Suriyada artıq heç nə əvvəlki kimi deyildi...

Suriyanın yeni hakimiyyəti Rusiyanın hərbi bazaları barədə hansı qərarı verəcək?
Suriya müxalifəti dekabrın 8-də Dəməşqə daxil oldu, Baas rejiminin devrilmiş lideri Bəşər Əsəd isə ölkəni tərk edib. Bununla da 61 illik Baas və Əsəd rejimi devrilmiş oldu. Rejim qanlı vətəndaş müharibəsi zamanı hakimiyyətdə qalmaq üçün İran da daxil olmaqla, bütün tərəfdarlarının dəstəyi ilə illər boyu mübarizə apardı. Amma 13 gün ərzində, çox qısa müddətdə süqut etdi. Lakin müxalifətin qəti və sürətli qələbəsinə baxmayaraq, Suriyada bundan sonra nələrin baş verəcəyi ilə bağlı qeyri-müəyyənliklər də çoxdur.

Əsəd necə və hara qaçıb?

Dekabrın 8-də Rusiya mətbuatı maraqlı məlumat dərc etdi. Qeyd edilirdi ki, Moskvaya gələn Əsəd və onun ailəsinə Rusiya Federasiyasında humanitar səbəblərlə sığınacaq verilib. Humanitar səbəblərin nələrdən ibarət olması isə açıqlanmır.

Əsəd nisbətən münaqişəsiz keçən son beş il ərzində mövcud Dəməşq rejiminin beynəlxalq aləmdə tanınmasına, sanksiyaların aradan qaldırılmasına və əleyhdar ölkələrlə münasibətlərin normallaşdırılmasına dair razılığa nail olmağa çalışırdı. O bu istiqamətdə diplomatiya həyata keçirdi. Lakin zaman keçdikcə Əsəd artıq "qanqrenaya" çevrilmiş iqtisadi, sosial, siyasi və hərbi problemləri həll edə bilmədiyi üçün rejimin sürətli süqutu qaçılmaz oldu. Buna görə də günümüzün ən böyük müharibə cinayətkarlarından biri olan Əsəd 13 illik vətəndaş müharibəsindən sonra hakimiyyətdən əl çəkməli oldu.

Bundan sonra nələr olacaq?

61 illik Baas rejimi devrilsə də, Suriyadakı 13 illik vətəndaş müharibəsinin bitdiyini söyləmək hələ tezdir. Müxalifət Dəməşq üzərində nəzarəti bərqərar etsə də, bundan sonra bir çox problemləri aradan qaldırmalı və gündəmdə olan saysız məsələlərə daha çox diqqət yetirməli olacaq.

Noyabrın 27-dək Suriya praktiki olaraq üç hissəyə bölünmüşdü: rejimin nəzarətində olan ərazilər, müxalifətin nəzarətində olan ərazilər və PKK/YPG terrorçularının nəzarətinə keçmiş bölgələr. Rejimin devrilməsi ilə müxalifət Fərat çayının qərb sahilindəki əraziləri tam nəzarətə götürərək Suriyanın bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım atıb. Unitar quruluşun qarşısındakı son maneə ABŞ-nin dəstəklədiyi PKK/YPG-nin Fəratın şərqindəki terror fəaliyyətləridir. Suriyanın neft ehtiyatlarının böyük hissəsinin bu ərazilərdə cəmlənməsi Dəməşqin yeni administrasiyası üçün terrorla mübarizəni qaçılmaz edir. Ona görə də Dəməşqdə keçid administrasiyasının qurulması istiqamətində uğurlu addımlar atıldıqdan sonra hərbi qruplaşmaların YPG-yə qarşı əməliyyatlara başlamasını gözləmək olar.

Hələlik isə keçid hökumətinin formalaşdırılması çətin proses kimi görünür. Hazırkı baş nazir Məhəmməd Qazi əl-Cəlalinin yeni administrasiya qurulana qədər vəzifəsini davam etdirəcəyi barədə məlumatlar var. Suriyalı müxalif qruplar arasında aparılan danışıqlar bu qüvvələrin çoxkomponentli strukturu, yerli qəbilələrin və azlıqların onlara güclü təsiri proseslərdə yüksək dərəcədə iştirakçı olmalarından xəbər verir. Kritik olan budur ki, Suriyada keçmişdə Liviya ilə bağlı olan hadisələr baş vermir. Yeni münaqişə ocaqlarının meydana çıxması gözlənilmir. Çünki çoxfraqmentli strukturun proseslərə rəvan inteqrasiyası olacaq. Bir sözlə, hərbi sahədə əsas gündəm mövzusu Türkiyə ilə birlikdə PKK/YPG terrorçularına qarşı mübarizənin aparılması olacaq. Siyasi cəbhədə isə keçid dövründə müəyyən uzlaşma cəhdləri ön planda qalacaq.

Əsəd rejiminin süqutundan hansı ölkə necə təsirləndi?

Baas ideologiyasının aradan qaldırılmasından sonra diqqət ilk olaraq rejimin ən böyük dəstəkçiləri sayılan Rusiya və İrana yönəldi. Rusiya üçün Suriyanın əhəmiyyəti, xüsusən də 2015-ci ildən sonra artdı. çünki Moskva buradakı proseslərdə birbaşa iştirak etməyə başladı. Rusiya Sovet İttifaqı dövründə formalaşan münasibətlərin əksinə olaraq 2015-ci ildən sonra rejimi ayaqda saxladı və Tartus ilə Xmeymimdə bazaları gücləndirərək böyük uğurlar qazandı. Bu xarici bazalar Rusiyanın yenidən dünya gücü olmaq istəyinin ən böyük sübutu oldu. Bu bazalar təkcə Suriya üçün deyil, həm də Rusiyanın Afrikada artan fəaliyyətləri üçün də mühüm logistika mərkəzinə çevriliblər. Lakin rejimin süqutu ilə Rusiya mühüm "Soyuq Müharibə" müttəfiqini və bazasını itirmiş oldu. Bir sözlə, Ukrayna münaqişəsində onsuz da ciddi çətinliklər yaşayan Rusiya Federasiyasının dünya gücü( və ya dövləti) olmaq iddialarına ciddi zərbə vuruldu.
İrana gəldikdə isə bu ölkə Suriyaya öz sərhədlərindən kənarda milli təhlükəsizliyini təmin etmək siyasətinin mühüm bir hissəsi kimi baxırdı. İran və Livandakı Hizbullah arasında quru əlaqəsi üçün mühüm əhəmiyyət kəsb edən Əsəd rejiminin süqutu Tehranın bu ölkədəki bütün nüfuzunu itirməsinə və regional siyasətinin iflasına səbəb oldu.

Baas rejiminin süqutu İsrail üçün yeni təhlükələrin yaranmasına da gətirib çıxarıb. İsrailin bu təhdidlərdən Suriyada yeni ekspansiya siyasəti üçün istifadə etməsi riski var.

ABŞ-nin DAEŞ-lə mübarizə bəhanəsi ilə terror təşkilatı olan PKK/YPG-yə dəstək siyasəti də iflasa uğrayıb.

Tarixən terror təşkilatının ən yaxın müttəfiqlərindən biri olan Əsəd rejiminin süqutu və onun yerinə bütün Suriyanı azad etmək iddiasında olan müxalifətin gəlməsi YPG terrorunun həm Türkiyə, həm də Suriya Milli Ordusu tərəfindən aradan qaldırılmasına zəmin yaradıb.

Türkiyə Suriyadan gələn terror təhdidləri və təhlükəsizliklə bağlı illərdir ki, bu istiqamətdə müəyyən problemlər yaşayır.

Ankara milyonlarla suriyalı qaçqının üzünə sərhədlərini açmaqla yanaşı, müxaliflərin nəzarətində olan ərazilərdə mülki əhali üçün mövcud vəziyyəti sabitləşdirmək üçün də böyük səylər göstərib. Bu faktları nəzərə alsaq, Türkiyəni əminliklə Əsəd rejiminin süqutundan yararlanan oyunçulardan biri adlandırmaq olar.

Demək olar ki, həm mənəvi, həm də siyasi cəhətdən qalib gələn Türkiyə terror təşkilatı PKK/YPG ilə mübarizəni də başa vurduqdan sonra cənubda özünə dost və sabit qonşu tapacaq!

Nəticə: Suriyada “növbə həkimə çatdı” və Əsəd rejimi artıq devrildi. Bu ölkədə yeni dövrdə bir müddət müəyyən suallar qalsa da, indi ortada konkret olaraq vətəndaş müharibəsinin qalibləri ilə məğlublar dayanabılar...

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   Əsəd   İran   Türkiyə   Müxalifət   Rusiya  





Xəbər lenti