Sosial xidmət sahəsində yeni tələblər

   Sosial xidmət sahəsində yeni tələblər
  22 Aprel 2025    Oxunub:293
“Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Bu məsələ parlamentin aprelin 22-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Dəyişikliklərdə sosial xidmətə götürülən şəxslərin vəzifələrinə sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi əlavə olunur. Bununla yanaşı, sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi nəzərdə tutulur.

Digər dəyişiklikdə "eyni yaşayış məntəqəsində yaşamayan" ifadəsinin "Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində" ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Daha bir dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq. Qanuna, habelə şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkilinə yönəlmiş yeni - sosial-mədəni xidmət növü əlavə edilir.

Həmçinin sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək məqsədilə dəyişiklik də təklif olunur. Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti