Dünya liderləri Papanın ölümünə "X"də reaksiya verirlər

   Dünya liderləri Papanın ölümünə "X"də reaksiya verirlər
  21 Aprel 2025    Oxunub:560
Roma Papası Fransiskin vəfatından sonra dünyanın tanınmış siyasətçiləri və liderləri Vatikana başsağlığı ünvanlayırlar.
Azərbaycan Prezidenti İlham Əliyev Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb.

Məktubda qeyd edilib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olub: "Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır".

Papa öldü - TARİXİ FOTOLAR
Ölümündən bir gün əvvəl Roma Papası ilə görüşmüş ABŞ prezidenti Ceyms Devid Vens isə "X"də paylaşım edərək pontifikin vəfatı ilə bağlı başsağlığı verib.

"Olduqca halsız və xəstə görünsə də, dünən onu görə bildiyim üçün şadam. Ürəyim onu ​​dünyanın hər yerində sevən milyonlarla xristianla bərabərdir. Mən onu həmişə COVID-in ilk günlərində verdiyi xütbəyə görə xatırlayacağam. Həqiqətən çox gözəl idi", - Vens yazıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də "X"də başsağlığı verib. O yazıb ki, pontifik milyonlarla insanı “təvazökarlığı və imkansızlara olan həqiqi sevgisi ilə” ruhlandırıb. O, Papanın irsinin bəşəriyyəti "daha ədalətli dünyaya" aparmağa davam edəcəyini söyləyib.

Fransa prezidenti Emmanuel Makron isə "X" paylaşımında Papanın həmişə ən zəif və ən həssas insanların tərəfində olduğunu və bunu çox təvazökarlıqla etdiyini söyləyib.

“Müharibələrin və qəddarlığın hökm sürdüyü bu dövrdə o, başqalarının ağrısını hiss edirdi”, - Makron qeyd edib.

CDU sədri və Almaniyanın gələcək kansleri Fridrix Merz pontifi “ədalət və barışıq uğrunda yorulmadan mübarizə aparan” insan adlandırıb.

İtaliyanın baş naziri Giorgia Meloni isə "X" hesabında Papa Fransiskin vəfatı xəbərindən çox kədərləndiyini bildirib.

İspaniyanın baş naziri Pedro Sançes də sosial şəbəkə hesabında başsağlığı paylaşımı yerləşdirib. O, yazıb:

"Papa Fransiskin vəfatı üçün yas tuturam. Onun sülhə, sosial ədalətə və ən həssas insanlara sadiqliyi bizə dərin bir miras qoyur. Rahat yat."

Papa Fransisk aprelin 21-də səhər saatlarında vəfat edib. Bu barədə kardinal Kevin Farrell məlumat yayıb. Katolik kilsəsinin nümayəndəsi əlavə edib ki, konklav (yeni Papanın seçilməsi prosesi - red.) yaxın 15-20 gün ərzində baş tutacaq.

Qeyd edək ki, Fransisk Roma Katolik Kilsəsinin ilk Latın Amerikasından olan rəhbəri idi. Fransisk (Xorxe Mario Berqolyo) 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildən pontifik taxtındadır. 12 il taxtda oturan Fransiskin 88 yaşı var idi. Roma Katolik kilsəsinin rəhbəri fəaliyyəti müddətində müxtəlif xəstəliklərdən əziyyət çəkib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Papa   Başsağlığı   X   Paylaşım  





Xəbər lenti