Moskva İrəvanın Aİ-yə meyllənməsindən narahatdır

   Moskva İrəvanın Aİ-yə meyllənməsindən narahatdır
  22 Aprel 2025    Oxunub:310
Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəklərindən “narahatdır”, çünki bu, respublikanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü (Aİİ) ilə bir araya sığmır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşkonun iddiasına görə, Qərb dövlətləri İrəvanı “geosiyasi oyun”a cəlb etməyə çalışırlar.

“Yaxşı məlumdur ki, Aİİ-də iştirakı sayəsində Ermənistan dinamik mərhələlərlə inkişaf edir və İrəvan üçün bütün əsas sahələrdə iqtisadi artım müşahidə olunur. Bu, Qərbin Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmaq cəhdi ilə onu geosiyasi oyununa cəlb edəcəyi təqdirdə Ermənistanın itirmək riski ilə üzləşdiyi böyük bir sərvətdir”, - rusiyalı məmur jurnalistlərə açıqlamasında deyib.

Moskva: “Ermənistanı çətin gələcək gözləyir”
Xatırladaq ki, aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında parlamentdə ikinci və yekun oxunuşda keçən qanunu qəbul edib. Hakimiyyətin atmağı planlaşdırdığı növbəti addım Brüsselli həmkarları ilə Avropaya inteqrasiya üçün “yol xəritəsi”ni müzakirə etmək, sonra isə respublikanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirmək olub. Amma hələlik Ermənistanın Aİ-yə daxil olmaq üçün namizədlik statusu yoxdur.

Bununla belə, Ermənistan hakimiyyəti Aİİ-dən çıxmaq planlarını istisna edir. İrəvanın fikrincə, bu, iqtisadi cəhətdən sərfəli strukturdur və Ermənistanın parallel şəkildə Avropaya inteqrasiyası məsələsini həll etmək olar.

Qeyd edək ki, Ermənistanın eyni vaxtda həm Aİİ-də, həm də Aİ-də üzlvlüyü məsələsinimn qeyri-mümkün olduğu barədə Moskva dəfələrlə İrəvana xəbərdarlıqlar edib. Lakin bu xəbərdarlıqlara rəğmən, Ermənistan hakimyyəti Avropaya inteqrasiya siyasətinin dönməz olduğunu vurğulayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti