"ASO-nun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-nin “kürd dəhlizi” planına ziddir" - ŞƏRH

   "ASO-nun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-nin “kürd dəhlizi” planına ziddir" -    ŞƏRH
  04 Dekabr 2024    Oxunub:468
"Azad Suriya Ordusunun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-nin “kürd dəhlizi” planına ciddi əngəl yaradır. İllərdir gündəmdə olan bu planın icrası xüsusilə Trampın dövründə aktual olub və yenidən aktuallaşacağı gözləniləndir. PYD/YPG terror təşkilatının rəhbərliyinin Trampın inaqurasiyasına dəvət edilməsi də bundan xəbər verir".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

Onun sözlərin görə, Türkiyə mümkün risklərə qarşı bütün şərtlərin xeyrinə olduğu mövcud vəziyyətdən istifadə edir:

Bəşər Əsəd müxalifətə qarşı PKK/YPG ilə birləşir
"Hərçənd, Türkiyənin rəsmi mövqeyi - “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının hücumları ilə bağlı sərgilədiyi münasibət Ankaranın baş verənlərdə maraqlı olmadığı görüntüsü yaradır. İstisna deyil ki, diplomatik manevr olan belə mövqenin məqsədi də elə görüntü yaratmaqdır, çünki Əsəd rejiminə qarşı hücumlar Rusiya və İranla üz-üzə gəlmək deməkdir. Ankara maksimum bundan yayınmağa çalışır.

Lakin HTŞ-nin hücumları Türkiyə ilə yanaşı, ABŞ və İsrailə də sərf edir. Bu baxımdan, maraqlar və pərdəarxası oyunçular mürəkkəb görünür. Baş verənlərdə aydınlaşdırıcı məqam HTŞ-nin PYD/YPG-yə qarşı atacağı addımlar, yaxud Əsəd rejiminə qarşı əməliyyatının terror təşkilatının Suriyadakı mövqelərinə necə təsir edəcəyi olacaq.

Bütövlükdə Suriyada Əsədlə bağlı yarımçıq qalmış işin tamamlanması prosesi əslində dəhlizlər uğrunda mübarizənin tərkib hissəsidir və burada həlledici amil olacaq kürd faktoru üzərində cəbhələşmə görünəndən daha mürəkkəbdir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Suriya   PYD/YPG  





Xəbər lenti