Xəyanət, seks və pul... - ARAŞDIRMA

Xəyanət, seks və pul... - ARAŞDIRMA
  15 İyul 2014    Oxunub:5442
4 ayda 4 min boşanma...

Son vaxtlar Azərbaycanda boşanma halları xeyli artıb. Dövlət Statistika komitəsinin açıqladığı ən son məlumata görə, ölkəmizdə bu ilin 4 ayı ərzində nə az, nə çox 3,9 min boşanma faktı qeydə alınıb. Ay ərzində mindən çox ailənin boşanması ciddi təhlükədən xəbər verir. Cütlüklərin ayrılmasında bir sıra səbəblər əsas gətirilir.

Tərəflərin bir-birini anlamaması, xırda bir məsələni böyük müzakirələrə çevirməsi, qadın hüquqlarının tapdalanması, xəyanət və s. bu kimi amillər qonaq otağından məhkəmə salonlarına qədər gedib çıxır. Və nəticədə vağzalı ilə başlayan xoşbəxtlik ayrılıqla sona çatır.

Problemin kökündə hansı amillər dayanır? Cəmiyyətimiz bu gedişlə hara gedir?

AzVision.az mövzu ilə bağlı araşdırma aparıb.

“Elə ailələr var ki, boşansalar ondan yaxşıdır”

Millət vəkili Fazil Mustafa hesab edir ki, cütlüklərin boşanması ən çox azyaşlıların üzərində öz izini buraxır və uşaqların psixoloji olaraq zədə alması ailə instutunun sağlam olmamasından qaynaqlanır.

“Boşanmaların əsas səbəbi sosial və psixoloji şərtlərlə bağlıdır. Çünki, ailə quruluşu ərəfəsində insanların bir-birini yaxından tanımaması, ailə qurduqdan sonra daha dərindən tanıması xarakterlərdəki uyğunsuzluğu üzə çıxarır. Və ikinci başlıca amil isə sosial amildir. Adi bir iş yerinin bağlanması, iqtisadi problemlərin yaşanması ailə həyatına öz mənfi təsirlərini göstərir”.

Deputatın sözlərinə görə, boşanma halları təkcə yoxsullaşma ilə yox, ailələrin hədsiz zəngilləşməsi ilə də baş verir: “Boşanmanı çox zaman yalnız yoxsullaşma ilə qeyd edirlər, amma bu zənginləşmə zamanı da daha çox problemlər ortaya çıxır. Çünki, komfort yaşamaq istəyi yaranır və bu da ailə sütununu da zədələmiş olur”.

Boşanma hallarının aradan qaldırılması və ya azalması üçün millət vəkili təklif də irəli sürür: “Şərq toplumlarında ailə qapalı bir institut kimi mövcud olur. Ailə problemlərini cəmiyyət müzakirə edə bilmədiyinə görə, insanlar içəridə daha çox əzab çəkməyə başlayırlar. Boşanmayan on minlərlə ailə var ki, boşansalar ondan daha yaxşıdır. Həmin ailələrdə olan gender problemləri, bir-birinə nəyinsə xatirinə dözümlülük göstərməsi və tərəflərin arasında hörmətin olması müşahidə olunur. Buna görə də, ailəni qoruyan mexanizm yaradılmalıdır: tərəflərin işlə təmin olunması, övladlarının təhsil alması, iqtisadi məsələlərdə sıxıntıları ortadan qaldırmaq üçün dövlət xüsusi bir proqram həyata keçirməlidir.

Gənc ailələrin seks problemi...

Psixoloq Elmir Əkbərin sözlərinə görə, boşanmaların Azərbaycanda bir neçə səbəbi varsa, bu səbəblər arasında birinci yerdə ər-arvadın intim həyatında olan problemlər durur. İkinci yerdə isə valideynlərin və digər şəxslərin kənar müdaxilələri boşanmalara gətirib çıxarır:

“Əvvəllər cütlüklərin valideynləri çalışırdı ki, ailəni qoruyub saxlasınlar, ailədə nizam-intizam yaratsınlar, sülh yaratsınlar, iti bucaqları hamarlasınlar. Amma indi əksinə olub. Çox şahidi olmuşam ki, gənc cütlüklər çalışırlar ki, aralarında olan inciklikləri valideynlərindən gizləsinlər. Çünki, elə bilirlər ki, valideynlər bilsələr , problem boşanmaya qədər gəlib çıxa bilər”.

Elmir Əkbər vurğulayır ki, bu gün yeni ailə quran cütlüklərin çox ciddi problemləri var: “İndi hər şey gənclərin çiynindədir. Tək Azərbaycanda deyil, Avropa ölkələrində də vəziyyət bu cürdür. Hətta məsələ o yerə gətirib çıxarır ki, cütlüklər arasındak səmimi münasibətlər iqtisadi problemlərin qabağında aciz qalır”.

“Qadınlar elə fikirləşir ki, birindən boşanıb yaxşısını tapacaqlar”

Tanınmış yazar, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə məsələyə başqa prizmadan baxır. O, qeyd edir ki, boşanma halları insanların yaşamağa öyrəşdikləri rejimin çökməsi ilə əlaqədardır. “Qorxu oradan gəlir. Dəyərlər dəyişdi, istinad nöqtələri itdi... Və təbii ki, cəmiyyətdə baş verənlər ailəyə yansıdı. İş yerləri bağlandı, yeni dövrə uyğunlaşmaq çətinləşdi. Və bu proses 20 ildən çoxdur ki, davam edir. Yeni dövrün insanları hər şeyi rahat istəyirlər, zəhmət çəkmədən. Səbrlə çətinliklərə sinə gərmək anlayışı itdi. Hamı zənbillə göydən düşmüş səadət axtarır. Qadınlar elə fikirləşir ki, birindən boşanıb daha yaxşısını tapacaqlar. Belə olmur amma. Burada əsas səbəb cəmiyyətin əsaslarındadır. Ailəyə dövlətin bir parçası kimi baxıb qorumaq lazımdır”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti