QMİ-dən açıqlama: `Bu oyunlar Azərbaycanda baş tutmayacaq`
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi, “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədov bəzi media orqanlarında ölkədəki məzhəblərarası münasibətlərin kəskinləşməsində İçərişəhərdəki məscidlərin və QMİ-nin iştirakı ilə bağlı ittihamlara cavab verərkən deyib.
S.Məmmədovun fikrincə, belə hallar Azərbaycan üçün səciyyəvi deyil: "Pərakəndə təxribatlar Azərbaycan xalqının iradəsi və müdrikliyi, Azərbaycan dövlətinin qüdrəti qarşısında iflasa məhkumdur. Azərbaycan xalqı, o cümlədən din xadimləri heç zaman məzhəblər arasında təfriqəyə imkan verməz”.
QMİ nümayəndəsi bəyan edir ki, din xadimləri belə təxribat və məkrlərin qarşısının alınması işində əlindən gələni heç vaxt əsirgəməyəcək: “Ölkəmizdə din-dövlət münasibətlərinə xələl gətirmək məramı ilə, məzhəblər arasında təfriqə yaratmaq niyyəti ilə edilən hər hansı təxribatçı əməl və ya çağırışla bağlı müvafiq dövlət qurumları tərəfindən lazımi tədbirlər görülməlidir. Təmsil etdiyim İçərişəhər Cümə məscidinin də adından bildirmək istəyirəm ki, bizim icma öz fəaliyyətində dini mərkəz - QMİ-nin dövləti maraq və milli mənafelərimizə cavab verən tövsiyələrini rəhbər tutur”.
AzVision.az
Teqlər: