Stoltenberq: "Ukraynanın özünümüdafiə hüququ var"

   Stoltenberq: "Ukraynanın    özünümüdafiə hüququ    var"
  27 May 2024    Oxunub:1028
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Rusiya-NATO münasibətləri və Ukraynanın Rusiyanın BMT çərçivəsində tanınan ərazilərinə zərbələr endirməsinə razılıq verilməsi ilə bağlı bəyanatlar səsləndirib.
AzVision.az xəbər verir ki, bloka üzv ölkələrə birbaşa hücum təhlükəsini görmədiyini bildirən Yens Stoltenberq, bununla belə, alyansın Qara dənizdə hərbi iştirakının gücləndirilməsinin lazım olduğunu vurğulayıb.

“Biz heç bir NATO ölkəsinə silahlı hücum təhlükəsi görmürük, lakin Ukraynada müharibə davam etdikcə və Qara dəniz regionunda qeyri-sabitlik hökm sürdükcə, ayıq-sayıqlığımızı artırmağa, quruda və səmada hərbi əməliyyatlarda iştirakımızı artırmağa ehtiyac var. Biz həmçinin NATO-da razılaşdıq ki, hərbi imkanlarımızı sürətlə gücləndirmək və ya dəyişmək qabiliyyətimizi artırmaq üçün inteqrasiya olunmuş raketdən müdafiə sisteminin (RMS) qurulmasına daha çox sərmayə yatıraq”, - Stoltenberq deyib.

Ukraynaya gəldikdə isə, onun fikrincə, NATO qarşısında ikili vəzifə dayanır: Ukraynanı dəsətkləmək və münaqişənin onun hüdudlarından kənara çıxmasına imkan verməmək. Bu baxımdan, Rusiya ilə münaqişə axarmayan blokun Ukraynaya dəstəyi NATO-nun münaqişə tərəfi olduğuna dəlalət etmir. Məzh buna görə, Ukraynada NATO qüvvələrini yerləşdirmək və ya NATO texnikasını Ukraynanın hava məkanına göndərmək planı yoxdur.

Lakin Qərbdən gələn silahlardan Rusiyanın BMT çərçivəsində tanınan ərazilərinə zərbə endirməsinə Kiyevə razılıq verilməsi təklifini verən Stoltenberq bunun Ukraynanın özünümüdafiə hüququndan irəli gəldiyini söyləyib.

- Əgər ukraynalılar Rusiya ərazisindəki hərbi obyektlərə hücum edə bilmirlərsə, bu, onların müdafiəsini çox çətinləşdirir. Çünki onların silahdan istifadəsinə məhdudiyyətlər var. Bu özünümüdafiədir. Bəzi NATO ölkələri məhdudiyyətləri aradan qaldırdı, indi qalan məhdudiyyətləri aradan qaldırmağın vaxtıdır”, - Stoltenberq deyib.

Onun iddiasına görə, NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya məcburi silah tədarükü təşkil etmək və onları maliyyələşdirmək üçün daimi struktur yaradılacaq. Maraqlıdır ki, həmin məbləğin həcminin hələ müəyyənləşdirilmədiyini bildirən Stoltenberq, aprelin əvvəlində onun ildə 100 milyard avro təşkil etməsinin zəruri olduğunu demişdi.

Lakin “Politico” nəşrinin yazdığına görə, Stoltenberqin döyüşkən əhval-ruhiyyəsi NATO-ya üzv dövlətlər arasında heç də birmənalı qarşılanmayıb. Məsələn, Polşa Qərbin verdiyi silahlardan Rusiya ərazisindəki hədəfləri vurmaq ideyasını dəstəkləsə də, Almaniyanın bunun əleyhinə olduğu iddia edilir.

Ən əsası isə, alyans üzvlərinin bəziləri Ukraynaya silah tədarükünü ödəmək üçün 100 milyard avroluq fond yaratmaq planına dair NATO-nun baş katibi Yens Stoltenberqdən daha çox aydınlıq gətirməsini tələb edirlər.

Nəşr yazır ki, pərdəarxası söhbətlərdə, hətta Ukraynanın ən yaxın Şərqi Avropa tərəfdaşları belə, Stoltenberqin təşəbbüsündən ehtiyatlanaraq, belə böyük pulun haradan gələcəyi ilə maraqlanıblar. Beləliklə, NATO-nun baş katibinin planı “bir az qarışıqdır”deyən Şərqi Avropa rəsmilərindən biri Ukraynanın müttəfiqlərinin daha aydın izahat gözlədiklərini söyləyib.

“Ukraynaya dost ölkələrdən birini təmsil edən başqa məmur isə, sonda 100 milyard avro rəqəminə sonda yenidən baxılacağına “təəccüblənməyəcəyini” deyib. Lakin, o, müttəfiqlərin Kiyevə konkret dəstək nümayiş etdirmək üçün üçün yollar tapmalı olacaqlarını proqnozlaşdırıb”, - qəzetdəki məqalədə vurğulanır.

Ukraynaya Rusiya ərazisindəki hədəfləri vurmağa icazə verilməsi barədə Stoltenberqin təşəbbüsünə isə Roma sərt münasibət açıqlayıb. İtaliyanın baş nazirinin müavini Antonio Tayani Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər nazirlərinin yığıncağı ərəfəsində Kiyevə göndərilən İtalya silahlarının Rusiya ərazisinə hücumlar üçün istifadəsinin mümkün olmadığını və bu məsələnin mütləq yoxlanılacağını bildirib.

“İtalya silahlarından Ukrayna hüdudlarından kənarda istifadə edilə bilməz. Ukraynalılarla nəyin razılaşdırıldığını və silahlarımızın harada istifadə olunduğunu yoxlayacağıq. Rusiya ərazisində ondan istifadə etmək imkanı yoxdur, çünki biz Rusiya ilə müharibə aparmırıq. Biz Ukraynanın müstəqilliyini müdafiə edirik. İtaliya silahlarının istifadəsini isə Stoltenberq həll etməyəcək” , - italiyalı məmur deyib.


Antonio Tayani, bununla yanaşı, Moskvanı sülh danışıqlarına başlamağa çağırıb.

Lakin öz mövqeyində israrlı olan Yens Stoltenberq NATO-nun Parlament Assambleyasında çıxış edərək, Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Ukraynaya razılıq verilməsi çağırışını təkrarlayıb. O, öz təklifini Rusiya ordusunun Xarkov istiqamətindəki hücumu ilə əsaslandıraraq, Ukrayna ordusunun Rusiya ərazisinə zərbələrini özünümüdafiə kimi qiymətləndirib.

Stoltenberq həmçinin Ukraynada müharibənin guya NATO-nun təxribatı nəticəsində başaldığı barədə Moskva və Pekinin müştərək mövqe sərgilədikrlərini iddia edib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Stoltenberq   Ukrayna   Rusiya  





Xəbər lenti