Beynəlxalq hesabat: TQDK korrupsiyaya qarşı effektiv mexanizmdir
Hesabatda bildirilir ki, Azərbaycanda tələbələrin ali təhsil müəssisələrinə qəbul sahəsində korrupsiya və saxtakarlıq hallarının qarşısının alınması üçün effektiv institutsional mexanizm mövcuddur. Ölkənin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahan proseslərində səmərəsizliyin və pozuntuların qarşısını uğurla ala bilir. Bu isə Komissiyanın imtahan proseslərinin həyata keçirilməsi zamanı müasir informasiya texnologiyalarından düzgün və səmərəli istifadə etməsi nəticəsindədir.
Ukrayna, Gürcüstan və Qırğızıstan da Azərbaycandakı modeli örnək götürərək, bənzər mexanizmlər yaradıblar. Nəzərə alsaq ki, TQDK postsovet ölkələri arasında yaradılan ilk mərkəzləşdirilmiş tələbə qəbulu komissiyasıdır, onun digər ölkələrdəki anoloji qurumlar üçün nümunə olduğuna heç bir şübhə ola bilməz.
Xüsusilə qeyd etmək lazımdır ki, TQDK elektron xidmətlərdən istifadə edən ilk dövlət qurumlardan biridir. Hazırda Komissiyanın 12 elektron xidməti mövcuddur. Qurum namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturiya sənəd verənlərin) ərizələrini onlayn qəbul edir və imtahana buraxılış vərəqələrini onlayn təqdim edir. İmtahan nəticələri barədə məlumatlar da internet və ya SMS vasitəsilə çatdırılır.