`Şahdəniz-2` və TANAP-da Türkiyənin payı artırıldı

`Şahdəniz-2` və TANAP-da Türkiyənin payı artırıldı
  31 May 2014    Oxunub:1257
Bu gün Türkiyənin İstanbul şəhərində “Şahdəniz-II” və “TransAnadolu” Təbii Qaz Boru Kəməri (TANAP) layihələrində payların artırılması ilə bağlı imzalanma mərasimi keçirilib.

İmzalanma mərasimində Azərbaycan tərəfindən energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən isə bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın iştirak edib.

Mərasimdə dörd razılaşma sənədi imzalanıb. Bunlardan birincisi TPAO-nun (Türkiyə) “Total”ın hissəsinin alışıdır ki, sənədi TPAO-nun baş direktoru Besim Şişman və “Total-Azərbaycan”ın baş direktoru Kristian Qudiçelli (Christian Giudicelli) imzalayıblar.

İkinci sənəd Türkiyənin “Botaş” şirkəti ilə ARDNŞ arasında TANAP hissələrinin alış-satışı barədə müqaviləsidir. Sənədə “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ prezidenti və TANAP-ın İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev imza atıblar.

İmzalanan üçüncü razılaşma sənədi “Botaş” və TANAP qaz daşınması anlaşmasıdır ki, bu sənədi də “Botaş”ın baş direktoru Mehmet Konuk və ARDNŞ prezidenti və TANAP-ın İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev imzalayıb.

Dördüncü sənəd isə TANAP–la bağlı Türkiyə-Azərbaycan Hökumətlərarası razılaşma protokoludur. Sənədə Azərbaycan hökuməti adından Azərbaycanın energetika naziri Natiq Əliyev, Türkiyə adından isə bu ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız imza atıblar.

Mərasimdə çıxış ARDNŞ prezidenti Rövnəq Abdullayev bu günü tarixi bir gün adlandıraraq Heydər Əliyevin dediyi “Bir millət iki dövlət” sözünün həyata keçirilməsinin yeni bir mərhələsi olduğunu qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyevin salamlarını mərasim iştirakçılarına çatdıran N. Əliyev imzalanma mərasimindəki çıxışında cənub qaz dəhlizi layihəsi çərçivəsində bu gün imzalanan layihələrin təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, enerji sahəsində beynəlxalq münasibətlər çərçivəsində həyata keçirilən mühüm layihələr olduğunu vurğulayıb.

Nazir deyib ki, bu imzalanan sazişlərlə TPAO-nun Xəzər dənizindəki qaz yaraqlarında əvvəlki payı 9 faizdən 19 faizə qalxır. Ümumi miqdarı 45 mlrd. dollar olan cənub qaz dəhlizinin içərisində bu gün imzalanan sazişlərin böyük yeri var.

N. Əliyev qeyd edib ki, TANAP layihəsi həyata keçirilərkən 160 min ədəd borudan istifadə olunacaq və Türkiyədə bir çox iş yerləri açılacaq.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə çıxışında 2019-cu ilin əvvəlinə qədər TANAP layihəsi üçün nəzərdə tutulan 45 mlrd. dolların xərclənmək məcburiyyətində olduğunu vurğulayıb: “Bu layihə çərçivəsində 9 Avropa Birliyi ölkəsi ilə 100 milyard dollarlıq saziş imzalanıb. Biz bu gün imzalanan sazişlərlə Xəzərdəki bütün layihələrə ortaq oluruq. Bundan sonrakı hədəfimiz də enerji mənbələrini quyu başından almaq olacaq”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd edib ki, müasir dünyada ikitərəfli mənafelərin qorunması və bu çərçivədəki əməkdaşlıq çox önəm qazanıb: “İndi Xəzərdəki investisiyalarda BP-dən sonra Türkiyənin ikinci yerdə olması bizi çox məmnun etməkdədir. Xəzər dənizi şərqi Aralıq dənizi və Şimali İraq enerji mənbələri çərçivəsində ortaya çıxan vəziyyət Türkiyənin mövqeyini daha da gücləndirəcək”.

Baş nazir TANAP-ın təkcə Azərbaycanla Türkiyə arasında deyil, Türkiyə ilə Avropa ölkələri arasındakı əməkdaşlıqda da mühüm rol oynayacağını vurğulayıb.

Xatırladaq ki, bu gün imzalan müqavilələrə əsasən Türkiyə tərəfinin “Şahdəniz 2” layihəsindəki payı 9%-dən 19%-ə, TANAP layihəsindəki payı isə 20%-dən 30%-ə artırılıb. Azərbaycanın ən böyük təbii qaz yataqlarından biri olan "Şahdəniz- 2”dən çıxarılacaq qazın 2019-cu ildən etibarən TANAP ilə Türkiyəyə, oradan da Avropaya çatdırılması planlaşdırılır. İllik 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini Türkiyə öz daxili istehlakı üçün istifadə edəcək. 10 mlrd. kubmetr qaz isə “TransAdriatik” Qaz Boru Xətti (TAP) ilə Avropaya daşınacaq. (APA)


Teqlər:





Xəbər lenti