BQXK nümayəndələri Azərbaycandakı ermənilərə baş çəkib

   BQXK nümayəndələri Azərbaycandakı ermənilərə baş çəkib
  08 İyun 2023    Oxunub:894
İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.
Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az -ın sorğusuna cavab olaraq bildirib.

"Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə yaydığı məlumata əsasən mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşoti təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti