Urmiya gölünün bərpası üçün 30 trilyon tümən “boş yerə” xərclənib

   Urmiya gölünün bərpası üçün    30 trilyon tümən “boş yerə” xərclənib
  31 May 2023    Oxunub:885
Hazırda İranın üzləşdiyi ən böyük problemlərdən biri də içməli su qıtlığıdır. Son iki həftədə Tehrala Əfqanıstanın Taliban hökuməti arasında müşahidə olunan siyasi gərginlik və sərhəddə yaşanan sliahlı toqquşmanın da əsas qayəsi məhz bu problemlə bağlıdır.

Maraqlıdır ki, hətta bu ciddi problem fonunda belə İran hakimiyyəti Cənubi Azərbaycandakı unikal Urmiyə gölünün xilası yönündə daha çox fəallıq imitasiyası ilə məşğuldur.
AzVision.az xəbər verir ki, Urmiya gölünün bərpası qərargahının keçmiş rəhbəri İsa Kəlantəri “İLNA” agentliyinə müsahibəsində Urmiya gölünün bərpası üçün zəruri olan vəsaitin cəmi 3%-ni ayıran İbrahim Rəisi hökumətinin İranın bütün şimal-qərb bölgəsini təhlükə qarşısında qoyduğunu deyib.

“Əksər insanlar anladılar ki, göl olmasa, regionun bütün iqtisadiyyatı məhv olacaq. Amma buna baxmayaraq, ətraf mühitin mühafizəsi məsələsinin ölkənin makroiqtisadiyyatında yeri yoxdur. Urmiya gölünün bərpası üçün ölkənin dövlət resurslarından və Milli İnkişaf Fondunun vəsaitlərindən çəkilməklə təxminən 30 min milyard (30 trilyon) tümənə yaxın vəsait xərclənib. Lakin praktiki olaraq bu, gölün vəziyyətinin yaxşılaşmasına heç bir təsir göstərməyib. Gölün bərpası proqramlarının baş tutmamasının ən mühüm səbəbləri Urmiya gölünün ekoloji hüquqlarının təmin edilməməsi olub” , - İsa Kəlantari bildirib.

Onun sözlərinə görə, göldəki ekoloji fəsadlar ucbatından duz tozunun güclənməsi 2016-2017-ci illərdə Təbrizlilərin qan təzyiqini orta hesabla on dəfə artırmışdı. Həmin il Urmiya gölünün cənub-şərqində bal arılarının fəaliyyəti 80%, arıçıların məhsuldarlığı isə kəskin şəkildə azaldı. Hesablamalara görə, bal arıları bu ərazilərdə yeddi-səkkiz il fəaliyyət göstərməsə, bir çox bitkilər məhv olacaq və bu məsələ ərazidə kənd təsərrüfatı istehsalının azalmasına güclü təsir göstərəcək. Hökuməti göllə bağlı apardığı siyasət isə daha ciddi fəlakətlərlə nəticələnəcək.

- Aparılan modelləşdirmə Urmiya gölünün tamamilə quruması ilə insan, heyvan və bitkilərdə baş verə biləcək genetik dəyişikliklərə, vətəndaşların sağlamlığına və bölgənin kənd təsərrüfatı iqtisadiyyatına ziyan dəyməsinə , Urmiya gölü ətrafında 500 km-ə qədər təsir göstərə biləcək duz tozunun baş verməsi kimi məsələlərə səbəb olacaq”, - Kəlantəri xəbərdarlıq edib.

Bəzi ekspertlər İran hökumərtinin Urmiya gölünə əslində ögey münasibətinin arxasında tarixən istibdad rejiminə qarşı vətəndaş narazılığının ən yüksək səviyyədə olduğu Cənubi Azərbaycanı bu yolla cəzalandırmaq niyyətinin gizləndiyini bildirirlər. Teokratik rejimin Urmiya gölünün “xilası” yönündə həyata keçirdiyi tədbirlər biddiaları daha da gücləndirir.

Sahil İsgəndərov
Kamran İsayev



AzVision.az


Teqlər: İran   Urmiya  





Xəbər lenti