Prezident Bakı metrosundan danışdı
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbayca-Fransa biznes forumundan sonra sahibkarların sualını cavablandırarkən deyib.
Prezident bildirib ki, hazırda Bakı şəhərində 23 metrostansiya vardır. Demək olar ki, son illərdə hər il bir stansiya istifadəyə verilir və dövlət proqramına uyğun olaraq, 2030-cu ilə qədər stansiyaların sayı 70-ə çatmalıdır, yəni Bakı şəhərində 50-yə yaxın metrostansiya tikiləcək və beləliklə, bütün şəhər metro ilə təmin ediləcək: "Əlbəttə, bu layihələri icra etmək üçün bizim öz imkanlarımız var. Maliyyə imkanlarına gəldikdə, biz burada heç bir problem görmürük, çünki bu layihələri biz dövlət büdcəsi hesabına icra edirik. O ki qaldı işin icrası ilə bağlı olan məsələlərə, burada həm Azərbaycan, həm də xarici şirkətlər uğurla fəaliyyət göstərə bilərlər. Mən bilirəm ki, Fransanın bəzi şirkətləri tərəfindən bu sahəyə böyük maraq göstərilir və bizim aidiyyəti qurumlarla danışıqlar aparılır".
Dövlət başçısı ümid edir ki, bu danışıqların yaxşı nəticələri olacaqdır və Fransa şirkətləri Bakıda həm metro tikintisi sahəsində, həm də müasir metro vaqonlarının təchizatı işində Azərbaycana dəstək olacaqlar: "Buna da böyük ehtiyac var, çünki biz bu sahəni müasirləşdiririk, yeniləşdiririk və bizə bu sahədə ən gözəl təcrübəyə malik strateji tərəfdaş lazımdır və siz də yaxşı bilirsiniz ki, Fransa şirkətləri burada çox böyük təcrübəyə malikdir. Eyni zamanda, dəmir yolunun reabilitasiyası və tikintisi ilə bağlı çox böyük layihələr icra edilir. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu layihə gələn il artıq istifadəyə veriləcək. Bu layihə Azərbaycan, Türkiyə və Gürcüstanı dəmir yolu xətti ilə birləşdirir, eyni zamanda, Asiyanı Avropa ilə birləşdirir. Bir növ biz dəmir ipək yolunu yaradırıq və qədim İpək yolunu bərpa edirik. Həm Türkiyədə, həm Gürcüstanda, həm də Azərbaycanda dəmir yollarının tikintisi, reabilitasiyası və təmiri layihələri icra edilir və bu yollar artıq təmir olunandan sonra bu yollar üzrə gedən qatarların sürəti ən azı 140 km olacaqdır. Bu məqsədlə bizə həm yeni vaqonlar, həm də lokomotivlər lazım olacaqdır. Bildiyimə görə, bu sahədə də Fransa və Azərbaycan şirkətləri işləyirlər, çalışırlar və çox güman ki, bu sahədə də müvafiq kontrakt imzalanacaq. Yəni bu gün bütün görüləcək işlər haqqında əlbəttə ki, geniş məlumat vermək mümkün deyil. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəfin çox gözəl niyyəti var ki, bu sahədə əməkdaşlığı dərinləşdirək".
Teqlər: