ABŞ-ın missiyası neytral vasitəçi olmaqdır-XİN

ABŞ-ın missiyası neytral vasitəçi olmaqdır-XİN
  03 May 2014    Oxunub:1143
“ABŞ-ın missiyası neytral vasitəçi olmaq və hər şeyi öz adı ilə çağırmaqdan ibarətdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində neytral vasitəçi missiyasını yerinə yetirərkən isə hər şeyi öz adı ilə çağırıb, faktlara əsaslanmalıdır”.

Bunu apa-nın sorğusu əsasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin
Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndələri ilə görüşünü şərh edərkən deyib.

E. Abdullayev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktlar bütün beynəlxalq ictimaiyyətə məlumdur: “Bu faktlar isə ondan ibarətdir ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub və azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirilib. Məlum olduğu kimi, beynəlxalq təşkilatlar qətnamələrində Ermənistanı işğalçı siyasətə görə qınayır. Ermənistan isə təəssüf ki, beynəlxalq ictimaiyyətin bununla bağlı qəbul etdiyi sənəd və qərarları qulaqardına vuraraq, işğalçılıq siyasətini davam etdirir”.

XİN sözçüsü erməni lobbisinin bütün bəyanatlarının emosiyadan başqa bir şey olmadığını da vurğulayıb: “Fakt isə faktlığında qalır. Ümid edirik ki, ABŞ erməni lobbisinin şantaj və təzyiqlərinə boyun əyməyəcək”.

Qeyd edək ki, C. Uorlik Kaliforniyada ABŞ-dakı Azərbaycan icmasının üzvləri ilə də görüşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti