Qəzavatın perigeyi

// Cəmiyyəti “qanun, yoxsa qazi” dilemmasının qarşısında qoymaq olmaz!

   Qəzavatın perigeyi
  02 İyun 2022    Oxunub:2262
Vüsal Məmmədov

Polisin nazirliyin qapısını qıran qazini qucaqlaması gözəldir, kövrəkdir, insanın hisslərinə toxunan mənzərədir. Amma baş verən hadisədə fokuslanmalı olduğumuz məsələ budurmu? Tamam, polis bu əhvalatın müsbət qəhrəmanıdır, fəqət bu süjet polisin haqqında deyil axı. Biz məgər polis-qazi münasibətlərini müzakirə edirik?
Yox, əlbəttə, bu hadisənin məğzi də, mahiyyəti də, doğurduğu əsas suallar da tamamilə başqadır və əsla polisin qazini qucaqlaması ilə bağlı deyil. Sadəcə olaraq, həmin kadr mövzuya münasibət bildirmək üçün ən xatasız, neytral məqam idi. Məsələyə həmin kadrdan çıxış edərək münasibət bildirəndə bığla saqqalın, odla şişin arasında qalmırsan, özünü “yandırmaq” riskin olmur. Amma əsas sualı da nə vaxtsa kimsə verməlidir axı! Nə qədər ağır və xoşagəlməz olsa belə!..

Sual isə budur: Qazi qanundan üstün tutulmalıdırmı?

Qazinin əlillik almağa qanunla haqqı çatmırsa, qanunu pozub, bu haqqı ona tanımaq lazımdırmı?! İnsan əgər qazidirsə, bu, ona dövlət idarəsinin əmlakına ziyan vurmaq hüququ yaradırmı?

Biz özümüzü “yandırmamaq” üçün bu suallardan yan qaçıb, polisin qazini qucaqlaması ilə baş qatırıq. Polis bu gün qanunu pozan qazini qucaqlayıb – nə gözəl! Polis sabah da qanunu pozan qazini qucaqlaya bilər, birisigün də... Amma günlərin birində polis mütləq öz vəzifəsini yerinə yetirməyə məcbur olacaq axı. Onda nə deyəcəyik, kimi qınayacağıq – qanunu pozan qazini, yoxsa borcunu yerinə yetirən polisi?!

Bax, həmin o günün gəlib çatmaması və o ağır dilemmanın qarşısında qalmamağımız üçün bu gün məsələnin mahiyyətinə uyğun sualın üzərində düşünmək və müzakirə açmaq üçün özümüzdə cəsarət tapmalıyıq.

Qazilərə sonsuz hörmət və borc hissimizi saxlamaqla ərz etmək lazımdır ki, onlar da bu işdə - “Qazi” adını uca tutmaqda,- bizə bacardıqları qədər yardımçı olmalıdırlar. “Qazi” adının ülviliyini qorumaq ilk növbədə onların marağında olmalıdır. Onlar dövləti və cəmiyyəti “hansı üstündür: Qanun, yoxsa Qazi” dilemmasının qarşısında qoymamalıdırlar.

Ümumiyyətlə, “Qazi” adının mənəvi titul kimi qorunması üçün ondan utilitar məqsədlərlə - məişət problemini həll etməkdən tutmuş, qızla tanış olmağa qədər geniş diapazonda istifadəyə son qoymaq lazımdır. Biz “qazi” adı gələndə başımızı təəssüf mənasında bulamalı deyilik, təzim mənasında əyməliyik.

Mən ikiəlli razıyam ki, içəriyə Qazi daxil olanda bütün məclis ayağa qalsın; hər yerdə yuxarı başda qazilər əyləşdirilsin; gənclərimiz onların əlini öpsün, xeyir-duasını alsın... Amma “qazi qanunu pozanda nə etməliyik” kimi bir dilemmanın qarşısında qoymamalıdırlar bu cəmiyyəti... ilk növbədə də qazilərimiz!

Bu gün heç nəyə baxmayaraq, Qazilik cəmiyyət üçün şəhidlikdən cəmi bir mərtəbə aşağıdakı müqəddəs ucalığında qalmaqdadır. Amma sosial şəbəkədəki və bəzi media orqanlarındakı trend Qaziliyi gözdən salmağa, Vətənin başına dolandıqları fədailik orbitinin apogeyindən perigeyinə endirməyə yönəlib. Biz onların enməsini istəmirik və bu haqda özləri ilə açıq danışmağımız əsla sayğısızlıqdan deyil, verdiyimiz dəyərdən doğur.
Əziz qazilər, adınızı hər zaman uca saxlamaq vəzifəmizdir, amma vəzifəmizin icrasında bizə kömək edin!

Teqlər: Qazi   Qazilər  







Xəbər lenti