Paytaxtda növbəti satış yarmarkaları keçirildi

Paytaxtda növbəti satış yarmarkaları keçirildi
  12 Aprel 2014    Oxunub:1452
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirildi.Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını söyləyirdilər.
Aprelin 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10,5 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz və s. təklif olunurdu.

Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 50-70, yumurtanın 1 ədədi 8 qəpiyə və s. satılır.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunan Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 58,3 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı, göyərtilərdən keşniş, şüyüd, vəzəri, turp, yarpız, tərxun, reyhan və digər məhsullar gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bugünkü yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, göyərti və digər məhsullar üstünlük təşkil edir. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə satılır.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi qoyulmuş, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı, Qusar və digər rayonlardan 14,1 ton kənd təsərrüfatı məhsulları çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, qəsəbə sakinlərinin tələbatı nəzərə alınaraq məhsulların çeşidində dəyişiklik edilmişdir. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanır.

Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (9,7 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,1 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 11,8 ton məhsul çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada meyvələrdən alma, armud, nar, heyva, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən kartof, soğan, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur.

Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlardan 219 ton müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Yarmarkada sərfəli qiymətə heyva, naringi, portağal, nar, alma, armud, yerkökü, çuğundur, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti və digər məhsullar təklif edilir. Yazın gəlişi ilə əlaqədar satışa çıxarılan məhsullar arasında göyərti çoxluq təşkil edir.
Alıcılar məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 20,5 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 5 min ədəd yumurta gətirilib.

Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq tərəvəzlərdən kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, meyvələrdən alma, armud, heyva, nar, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.

Ağstafa, Siyəzən, Goranboy və Bərdə rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada alıcılara keyfiyyətli meyvə-tərəvəzlər, bostan və süd məhsulları təklif edirdilər. Şəhər sakinləri yerkökü, pomidor, çuğundur, kələm, alma, nar və digər meyvə və tərəvəzləri bazarlardakından 25-30 faiz ucuz qiymətlərə ala bilirdilər.

Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını söyləyirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, bugünkü yarmarkaya 17,8 ton məhsul gətirilib.


Teqlər:





Xəbər lenti