Polşa Azərbaycana investisiya yatırmaqda maraqlıdır

Polşa Azərbaycana investisiya yatırmaqda maraqlıdır
  02 Aprel 2014    Oxunub:2511
"Aqrar sektor, ərzaq məhsullarının istehsalı və digər sektorlar Azərbaycan və Polşa sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivli sahələr ola bilər". AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan jurnalistləri ilə görüşdə Polşa Milli Təsərrüfat Palatasının beynəlxalq əməkdaşlıq üzrə bürosunun direktoru Yeji Drujd deyib.

O qeyd edib: "Biz Azərbaycanla, xüsusilə də orta və kiçik müəssisələr arasında əməkdaşlığı müsbət qiymətləndiririk. Çalışırıq ki, polşalı sahibkarlar azərbaycanlı həmkarları ilə əməkdaşlıq qura bilsinlər".

Y.Drujd bildirib ki, sənaye məhsulu istehsalı sahəsində müəyyən razılıqlar əldə olunub: "Ümid edirəm ki, həmin razılıqlar yaxın gələcəkdə həyata keçiriləcək".

Büro direktorunun sözlərinə görə, polşalı sahibkarlar getdikcə əməkdaşlığın yeni mərhələsinə, yəni investisiya yatırmağa başlayırlar: "Türkiyə və MDB-nin bəzi ölkələrinə artıq investisiya yatıran bir neçə Polşa firması var. Bu firmalar Azərbaycan bazarında da iştiraka hazır olduqlarını ifadə ediblər".

O deyib ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır və neft sənayesi ilə bağlı hər şey polşalı sahibkarlara da maraqlıdır.

Y.Drujd vurğulayıb ki, Polşa şirkətləri yüksək keyfiyyəti ilə seçilən tikinti materiallarını da Azərbaycana ixrac edə bilərlər: "Polşa firmaları yüksək keyfiyyətli məhsul və aşağı qiymətlərlə bir sıra bazarlara çıxış yolunu tapıblar. Növbəti belə bazar Azərbaycan ola bilər".

Onun sözlərinə görə, gələcək əməkdaşlığın bu aspektləri apreldə Bakıda keçiriləcək Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası çərçivəsində danışıqların müzakirə mövzusu olacaq: "Hökumətlərarası komissiya çərçivəsində biznes forum təşkil oluna bilər. Polşanın bir çox şirkəti üçün Azərbaycana, xüsusilə İKT, infrastruktur, nəqliyyat, şəhər infrastrukturu, aqrar sənaye və digər sahələrə investisiya yatırmaq maraqlı ola bilər.

Polşa, həmçinin Azərbaycanın neft hasilatı sahəsində təcrübəsinə maraq göstərir. Büro direktoru qeyd edib ki, Polşada kiçik neft və təbii qaz yataqları var: "Azərbaycan bu sahədə öz təcrübəsini bölüşə bilər".


Teqlər:





Xəbər lenti