Neft Fondundan 500 milyonluq investisiya

Neft Fondundan 500 milyonluq investisiya
  02 Aprel 2014    Oxunub:1384
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın alıb.
Fondun mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB Həyat sığorta şirkəti) çıxış edən Miraye şirkəti tərəfindən təşkil olunmuş hərrac vasitəsilə həyata keçirilib.

Seulda əldə edilən daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən cəlbedici investisiya regionlarından biridir. “Payn Avenyu A qülləsi” isə Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılmışdır və son dövrlər ərzində biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir.

Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır. Ümumi sahəsi təqribən 65 min kvadratmetr təşkil edən bina bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan “S&K Qrup” tərəfindən icarəyə götürülüb. Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 milyon ABŞ dollarıdır.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Asiyada həyata keçirilən daşınmaz əmlak investisiyası barədə danışarkən deyib ki, “Biz bir ilə yaxın müddətdir ki, Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirirdik və nəhayət, bu gün Seulda ilk belə yatırımın həyata keçirilməsini açıqlamaqdan məmnunluq duyuram. Bu əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit Okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik”.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. 2014-cü il 1 mart tarixinə ARDNF-nin vəsaitlərinin ümumi məbləği 36319 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli Fərmanı ilə dəyişikliklər edilən "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a və buna uyğun olaraq qəbul edilən yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri səhmlərə, 5 faizə qədəri qızıla, 5 faizə qədəri isə daşınmaz əmlaka investisiya edilə bilər.


Teqlər:  





Xəbər lenti