Banklara yeni qadağa qoyuldu
Belə ki, Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun adından ölkədəki banklara rəsmi məktub (11.02.2014 tarixli) göndərilib. Məktubda banklara Ədliyyə Nazirliyində qeydə alınmayan layihələr üzrə bank əməliyyatı aparılması qadağan edilib.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, məktubda istinad olaraq "Qrant haqqında" Qanuna 17 dekabr 2013-cü il tarixində edilmiş dəyişiklik göstərilir.
Ekspert bildirib ki, bu qadağanın mahiyyəti ondan ibarətdir ki, banka müraciət edən QHT-yə hesabdan pul çıxarmağa imkan verilmir:
“Səbəb də budur ki, QHT Ədliyyə Nazirliyindən bildiriş almalıdır və onu banka təqdim etməlidir. Məsələ ondadır ki, bu məhdudiyyət fəaliyyətdə olan qrant müqavilələrinə də şamil edilir. Halbuki elementar bir prinsip var: qanun geriyə şamil edilmir. Bunun üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Qanuna dəyişiklik yeni bağlanacaq müqavilələrə aid edilməlidir. Mərkəzi Bank isə bunu bütün layihələrə şamil edir. Zərbə isə QHT-lərə dəyir. Onsuz da bütün QHT-lər müqavilələri Ədliyyə Nazirliyinə göndərirdi. Əks halda 1 aydan sonra cərimə olunurdu. Cərimədən qaçan istənilən QHT layihənin müqaviləsini Nazirliyə göndərib işlərini görürdülər. Nazirlikdə onları öz sistemində qeydə alırdı, bildiriş göndərməsə belə. Sadəcə bu vaxta qədər bildirişə çox da önəm verilmirdi. Ona görə də faktiki icrada olan layihələrin işi dayanıb”.
S.Əliyevin sözlərinə görə, məsələ ilə bağlı QHT-yə Dəstək Şurasında Komissiya yaradıb: “Müzakirələrdə bu məsələ qaldırılıb. Ancaq faktiki nəticə yoxdur”.
Sevinc İltifatqızı
Teqlər: