İrandan Pakistana sərt xəbərdarlıq

İrandan Pakistana sərt xəbərdarlıq
  26 Mart 2014    Oxunub:1333
AzVision.az Trend-ə istinadən xəbər verir ki, İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli Pakistan hökumətinə xəbərdarlıq edib və silahlı şəxslər tərəfindən oğurlanaraq Pakistanda saxlanılan 5 iranlı sərhədçi ilə bağlı məsuliyyətli olmağa çağırıb.
Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Məlumata əsasən, Rəhmani-Fəzli deyib ki, Pakistan sərhədçilərlə bağlı öz işini məsuliyyətli görməzsə, İranın öz sərhəd zonasında bütün gücünü göstərməyə haqqı çatır: "İndiyədək Xarici İşlər, Təhlükəsizlik nazirlikləri, "Sepah" və s. qurumlar oğurlanmış sərhədçilərin azad olunması üçün çalışıblar. Ümid edirik ki, sərhədçilərdən birinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır. Bu, doğru xəbər olarsa, biz məcburuq başqa yollara əl ataq və sərhədlərimizi qorumaq üçün öz gücümüzü göstərək".
Rəhmani-Fəzli bu məsələ ilə bağlı Pakistan hökumətini daha əsaslı və düşünülmüş addımlar atmağa və beynəlxalq qanunlar çərçivəsində qonşuluq prinsiplərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, bu il fevralın əvvəllərində İranın cənub-şərqində Sistan və Bəluçistan əyalətində silahlı qrup tərəfindən 5 iranlı sərhədçi oğurlanaraq Pakistana aparılıb. İran Prezidenti Həsən Ruhani Pakistan hakimiyyətindən sərhədçilərin azad olunması üçün tədbirlər görməsini tələb edib.


Teqlər:





Xəbər lenti