CAR-da Qarabağ tədbiri keçirilib
Səfir E.Poluxov Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizin üzləşdiyi daxili və xarici problemlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və bütün bu çətinliklərin həllində Heydər Əliyevin oynadığı həlledici rolundan danışıb. Post-sovet məkanın ən uzunsürən və ağrılı münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən E.Poluxov CAR-dakı elmi dairələrin də öz münasibətlərini göstərməyə çağırıb.
Daha sonra səfir qonaqlara Azərbaycanın iqtisadi göstəriciləri haqda geniş məlumat verib. Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən etibarən iqtisadi potensialının illər ərzində genişləndiyini və bir sıra region ölkə ilə iqtisadi sahədə əməkdaşlıq qurduğunu, həmçinin Azərbaycanın Cənubi Afrika regionunda yerləşən ölkələrlə, xüsusən CAR ilə əməkdaşlığın başlanmasını ölkənin iqtisadi siyasətində maraq təşkil etdiyini vurğulayıb.
Tədbirin sonunda səfirlik tərəfindən tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycana həsr edilmiş məlumat kitabçaları paylanılıb. / APA