İtaliya nümayəndə heyəti Azərbaycanda səfərdədir

İtaliya nümayəndə heyəti Azərbaycanda səfərdədir
  14 Mart 2014    Oxunub:1182
İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun qubernatoru xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə təşkil edilən səfərin məqsədi ölkəmiz ilə Friuli-Venetsiya-Culiya regionu arasında institusional və işgüzar səviyyələrdə səmərəli əməkdaşlıq əlaqələri qurmaq və mövcud münasibətləri inkişaf etdirməkdir. Səfər zamanı D.Serakkianinin Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə İtaliyanın Udine və Pordenone şəhərlərinin ticarət və sənaye palatalarının prezidentləri, əsasən maşınqayırma, kimya sənayesi, mebel, inşaat və digər sahələri təmsil edən iş adamları və başqaları daxildir.

Qeyd edək ki, Friuli-Venetsiya-Culiya regionu iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə İtaliyanın qabaqcıl bölgələrindən biridir. İqtisadiyyatı yüksək inkişaf etmiş region bir sıra ixracat yönümlü kiçik və orta müəssisələrə, beynəlxalq nəqliyyat marşrutlarının qovşağında yerləşən əlverişli coğrafi mövqeyə və mükəmməl turizm infrastrukturuna malikdir.
Səfər martın 15-də başa çatacaq.


Teqlər:





Xəbər lenti