ARDNŞ Sverdlovsk sənaye müəssisələri ilə əməkdaşlıq edəcək

ARDNŞ Sverdlovsk sənaye müəssisələri ilə əməkdaşlıq edəcək
  14 Mart 2014    Oxunub:1001
Sverdlovsk vilayətinin iri sənaye müəssisələri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Rusiya Federasiyasının Sverdlovsk vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib.

AzVision.az xəbər verir ki, şirkətin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası və onun subyektləri arasında münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyi qeyd olunmuş, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.

Sverdlovsk vilayəti Hökumətinin sədr müavini Aleksey Orlov səmimi görüş üçün təşəkkürünü bildirmiş, vilayətin Rusiya sənayesində mühüm yer tutduğunu söyləmiş, nümayəndə heyəti üzvlərini ARDNŞ rəhbərliyinə təqdim edib.

Qonaqlara ölkəmizdə neft-qaz sənayesinin qədim tarixi, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verilmişdir. Həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlər diqqətə çatdırılıb.

Azərbaycan-Rusiya biznes forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Sverdlovsk vilayətində fəaliyyət göstərən iri sənaye müəssisələrinin yüksək vəzifəli təmsilçiləri ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləmiş, istehsal etdikləri məhsullardan, mümkün tərəfdaşlıq imkanlarından danışıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti