Dövlət Neft Fondu 2 milyard dollar qazanıb

Dövlət Neft Fondu 2 milyard dollar qazanıb
  09 Mart 2014    Oxunub:1204
Dövlət Neft Fondu ötən il neftin qiymət fərqindən təqribən 2 milyard dollar qazanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsində ötən il xam neftin ixrac qiyməti 100 dollar götürüldüyü halda, il ərzində satılmış mənfəət neftinin orta satış qiyməti 109,1 dollar, xalis daxilolma qiyməti isə 101,1 dollar təşkil edib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Xam neftin hasilatı və qiyməti ilə bağlı fərq mənfəət neftinin satışından 1 937 milyon manat əlavə gəlirlərin ARDNF-yə daxil olmasına şərait yaradıb.

ARDNF 2013-cü ildə "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan hasil edilmiş mənfəət neftinin satışından 16,26 milyard dollar gəlir əldə edib. Yatağın təsdiq edilmiş neft ehtiyatları 1 milyard ton qiymətləndirilir. Blokun tərkibində işlənən digər yataqlardan mənfəət neftinin satışından əldə olunan gəlirlər 62,7 milyon dollar olub.

2013-cü ildə ARDNŞ və xarici şirkətlərin birgə işlədiyi "Şahdəniz" qaz-kondensat yatağından hasil edilmiş mənfəət qazının satışından ARDNF-yə 383,8 milyon dollar daxil olub. "Şahdəniz" yatağının təsdiq edilmiş qaz ehtiyatları 1,2 trilyon kubmetrdir.

2013-cü ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından ARDNF-yə 16,7 milyard dollar daxil olub.

2014-cü il yanvarın 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 35 877,5 milyon dollar olub.


Teqlər:





Xəbər lenti