MTN ad günündə hesabat verdi

MTN ad günündə hesabat verdi
  28 Mart 2013    Oxunub:1638
Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 94 il ötür.
MTN-nin İctimai Əlaqələr Mərkəzindən bildiriblər ki, peşə bayramı münasibətlə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin əsaslarını qoyub, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqların və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.-trend yazır.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibəti ilə təbrik edib.

Nazir Eldar Mahmudov MTN-nin akt zalında çıxış edərək ötən müddət ərzində görülmüş işlər barədə məlumat verərək, preventiv tədbirlər sayəsində ölkəmizə və milli mənafelərimizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması və qabaqlanması istiqamətində səmərəli nəticələr əldə olunduğunu qeyd edib.

Həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində dövlət təhlükəsizliyi zərərinə olaraq dövlətə xəyanətdə, terror aktına hazırlıqda, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatının əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 7 nəfərdən ibarət qrup ifşa edilib.

Digər əks-kəşfiyyat əməliyyatları nəticəsində, Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsi və başqa ağır cinayətlərin törədilməsində təqsirli bilinən, xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 22 nəfərdən ibarət daha bir qrup zərərsizləşdirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və sair kimi mütəşəkkil cinayətkarlıq halları ilə mübarizə sahəsində də işlər uğurla davam etdirilib. Transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən ümumilikdə 457 kiloqrama yaxın narkotik vasitə götürülüb. Cinayətkar dəstələrin birində narkotiklərlə yanaşı, müxtəlif çaplı odlu silah, döyüş sursatı və hərbi ləvazimat aşkarlanmışdır. Bu və digər faktlarla bağlı 38 cinayət işi başlanmış, ümumilikdə 116 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunub.

Ötən il ərzində nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, kompüter sisteminə qanunsuz daxil olma, preparatların, qiymətli daş-qaşın xarici dövlətlərdən qaçaq yolla gətirilməsi halları müəyyən edilmişdir. Bu faktlar, habelə dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların vəsaitələrinin mənimsənilməsi faktları üzrə 11 cinayət işi başlanılıb, 27 nəfər yerli və xarici vətəndaş istintaqa cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 mart tarixli sərəncamları elan olunub. Bu, şəxsi heyət tərəfindən sürəkli alqışlarla qarşılanıb.



Teqlər:  





Xəbər lenti