Xəzər dənizində peyda olan “kabus ada” yoxa çıxıb

   Xəzər dənizində peyda olan    “kabus ada”    yoxa çıxıb
  15 Yanvar 2025    Oxunub:455
Xəzər dənizində heyrətamiz geoloji anomaliya baş verib: 2023-cü ilin əvvəlində Kumani-Benk palçıq vulkanının püskürməsindən sonra peyda olan sirli “kabus ada” ötən ilin sonunda itib.
AzVision.az xəbər verir ki, bu hadisəni NASA-nın (ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi) “Landsat 8 və 9” peykləri qeydə alıb.

Məlumatda bildirilir ki, Azərbaycan sahillərində yaranan ada ilk dəfə 2022-ci ilin noyabrında, vulkanın zirvəsi hələ də su altında olarkən aşkarlanıb. 2023-cü ilin fevral ayına qədər peyk şəkilləri çöküntü ilə əhatə olunmuş quru kütləsinin görünüşünü nümayiş etdirib. Həmin vaxt adanın diametri 400 metrə çatmışdı. Lakin təxminən iki ildən sonra ada yox olub və dənizin səthində yalnız kiçik bir vulkan çöküntüləri qalıb.

NASA-nın Yer Rəsədxanasının dediyinə görə, Kumani-Benk palçıq vulkanı uzun müddətdir ki, qeyri-adi davranışı ilə tanınır. 1861-ci ildə burada qeydə alınan ilk vulkan püskürməsi də bir neçə ay ərzində yox olan müvəqqəti bir ada yaratmışdı.

“Palçıq vulkanları təəccüblü, lakin kifayət qədər öyrənilməmiş təbiət hadisəsidir. Onlar aktiv tektonik bölgələrdə baş verir və Azərbaycan 300-dən çox belə vulkanın qeydə alındığı nadir yerlərdən biridir”, - Adelaide Universitetindən geoloq Mark Tinqay bildirib.

Kumani-Benk vulkanının özəlliyi onun güclü püskürmələridir ki, bu da böyük həcmdə palçıq, qaz və alov buraxması ilə müşayiət oluna bilər. Burada yanğın sütunları keçmişdə yüzlərlə metr havaya qalxırdı, lakin 2023-cü ildə baş vermiş püskürmənin oxşar mənzərə ilə müşayiət olunub-olunmadığı bəlli deyil.

- 1950-ci ildə baş verən püskürmə 6 metr hündürlüyündə və 700 metr diametrdə bir ada yaradıb və o da az sonra çöküb. Kumani-Benkin hazırkı fəaliyyəti geoloqlara xatırladır ki, belə adaların görünüşü təkcə möhtəşəm deyil, həm də təhlükəli ola bilər”, - NASA-nın məlumatında deyilir.


NASA-nın peykləri sayəsində edilən kəşflər alimlərə palçıq vulkanlarının təbiətini daha yaxşı anlamağa imkan verir. Bununla belə, çox şey sirr olaraq qalır. Bu hadisələrin kifayət qədər tədqiq olunmadığını vurğulayan Mark Tinqay belə obyektləri müşahidə etməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, palçıq vulkanları ən qeyri-adi geoloji hadisələrdən biri olaraq qalır. İtmiş adanın “valideyninə” çevrilən Kumani-Benk vulkanı, təbiətin yaratmağa və məhv etməyə qadir olduğunu xatırladaraq, elmin hələ də dəqiq cavab verə bilmədiyi sualların açarlarını öz əlində saxlayır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Xəzər  





Xəbər lenti